Azərbaycanda vəkillərin sayı açıqlandı - HESABAT

Son 6 ildə Azərbaycanda vəkillərin sayı 3 dəfə artıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Vəkillər Kollegiyasının 2023-cü il ərzində gördüyü işlər barədə hesabatında qeyd edilib. Hesabatda bildirilib ki, son dövrlər ərzində Azərbaycanda digər sahələrdə olduğu kimi, vəkillik institutu da inkişaf yolunu tutub, bu sahədə ardıcıl, eyni zamanda, əsaslı tədbirlər həyata keçirilir. Görülən işlərin nəticəsi kimi, Azərbaycanda vəkillik institutunun sürətli inkişafı, vəkil korpusunun güclənməsi, ölkəmizdə vəkillərin və vəkil qurumlarının sayının artması, respublikamızda vəkillik peşəsinin nüfuzunun yüksəlməsində mühüm rol oynayıb.

Hesabatda bildirilir ki, 2023-cü ildə də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında (ARVK) bir sıra beynəlxalq, yerli mühüm tədbirlər, təlimlər həyata keçirilib, vəkillərin sayı artıb, o cümlədən “Heydər Əliyev İli” ilə bağlı bir çox tədbirlər baş tutub və hüquqi maarifləndirmə işləri aparılıb.

2023-cü il Heydər Əliyev İli” çərçivəsində ölkə üzrə 61 pulsuz hüquqi yardım aksiyası keçirilib. Həmin aksiyalarda ümumilikdə 960 vətəndaşın yararlanması təmin edilib. Beləliklə, hər ayın 10-da Bakıda, regionlarda, o cümlədən Naxçıvan MR-da vətəndaşlara pulsuz hüquqi yardım göstərilib. “Heydər Əliyev İli” ilə bağlı Naxçıvan şəhərində keçirilən aksiyalarda 14 Vəkil Bürosundan (VB) 60 vəkil iştirak edərək 198 aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərib. Eyni zamanda, digər vəkil qurumları tərəfindən təşkil edilən aksiyalarda isə 762 vətəndaşa pulsuz hüquqi yardım göstərilib.

Hesabat ili ərzində 338 nəfər şifahi müsahibədə iştirak edib, 271 nəfər növbəti mərhələyə keçib. 252 nəfər isə vəkil andı içib və Azərbaycanda vəkillərin sayı artaraq 2431-ə çatıb.

Hazırda ölkəmizdə fəaliyyət göstərən 2431 vəkildən 1995 nəfəri kişi, 436 nəfəri qadındır. Həmin şəxslərdən 1976 nəfəri Bakıda, 455 nəfəri isə regionlarda fəaliyyət göstərir. Hazırda Azərbaycanda ən yaşlı vəkilin 87, ən gənc vəkilin isə 24 yaşı var.

Eyni zamanda, ötən 6 ildə ölkəmizdə VB-lərin sayı da təxminən 4 dəfə artaraq 135-ə çatıb.

"Elektron vəkil orderi"nə keçidlə bağlı pilot layihə olaraq qoşulan vəkil bürolarının təmsilçiləri ilə HYTM-də təlimat xarakterli təlimlər təşkil olunub.

Sənəddə göstərilib ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Prezidentin 2019-cu il 3 aprel tarixli Fərmanının tələblərinə uyğun olaraq, 2020-ci ildən başlayaraq dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə (müdafiəçilərə) haqqın ödənilməsi məqsədilə nəzərdə tutulan vəsaitin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən birbaşa VK-ya ayrılması təmin edilir.

Bu məqsədlə “Azərbaycan Respublikasının 2023-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 672-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Prezidentin 2022-ci il 30 dekabr tarixli Fərmanı ilə dövlət büdcəsində VK-ya 5 000 000 manat vəsait nəzərdə tutulub və hesabat ili ərzində həmin vəsaitin Kollegiyaya ayrılması təmin edilib.

2023-cü il dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə (müdafiəçilərə) haqların ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitlə bağlı xərclərin rüblər və aylar üzrə bölgüsünə uyğun olaraq, vəkil büroları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən sənədlərin Kollegiyaya təqdim edilməsi ardıcıllığı gözlənilməklə cinayət prosesini həyata keçirən orqanlar (təhqiqat, istintaq, prokurorluq orqanları və məhkəmələr), o cümlədən mülki işlər üzrə qəbul olunmuş qərarlar əsasında dövlət hesabına hüquqi yardıma görə 39 830 qərar üzrə 4 999 982,10 manat (bank xidməti də nəzərə alınmaqla) vəsaitin 97 vəkil qurumuna və 38 fərdi qaydada fəaliyyət göstərən vəkilə, ümumilikdə isə 973 vəkilə ödənişi təmin edilib.

İcra edilən qərarlardan - 26 563-ü məhkəmə, 13 267-i isə istintaq orqanlarının qərarlarıdır. Müvafiq olaraq həmin qərarların icrasına 2 575 800,84 manat və 2 424 181,26 manat vəsait sərf edilib.

Prezidenti İlham Əliyev “Vəkil Günü” peşə bayramı münasibətilə bir qrup vəkilin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasında vəkilliyin inkişafındakı xidmətlərinə görə Hüseynov Əli Meybulla oğlu, Hüseynov Turqay İmanqulu oğlu, Hüseynova Esmira Hüseyn qızı, Qasımov Telman Abiəli oğlu, Quliyev Azər Şahbala oğlu, Məmmədova Leyla Polad qızı, Mustafayev Muxtar Nağı oğlu, Nəhmətov Fazil İldır oğlu, Rəsulov Arif Əmrulla oğlu, Rüstəmova Natəvan Famil qızı və Usub Elçin Arif oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı