Yeniyetmələr niyə tez-tez evdən qaçır? - Psixoloq açıqladı

"İnsan həyatında bir dönəm gəlir ki, müstəqillik hissi onu yanlış qərarlar verməyə sövq edir.

Dünyagörüşünün az olduğu, həyat təcrübəsinin əksik qaldığı və ən gərgin dövrlərdən biri isə insanın yeniyetməlik dövrüdür. Bu dövr bir insanda ortalama 11-18 yaş aralığında yaşanır. Yeniyetməlik dövründə insan daha çox özünü yox, dünyanı dəyişmək xəyallarına qapılır. Məişət problemləri, ailə ilə anlaşılmazlıq, məktəb və sosial mühitdə yaşanan gərginliklər dünyanı daha yeni-yeni kəşf edən yeniyetmələr üçün çox ağır bir dönəmə çevrilir".

Metbuat.az xəbər verir ki, bu fikirləri psixoloq Mirkamil Kazımzadə son günlərdə yetkinlik yaşına çatmamış bir neçə şəxsin evdən qaçması məsələsinə münasibət bildirərkən deyib.

Psixoloq qeyd edib ki, bu dönəmdə yeniyetmələrə itəatkarlıqla yanaşdığımızda, onlarda insanlara qarşı daha çox qıcıqverici xüsusiyyətlər yaranmağa başlayır. Bu zaman onların cəmiyyətə inteqrasiyası və dünyanı kəşf etmə mərhələsi çətinləşir:

"Məsələ onları tamamən azad buraxmaq deyil, yanaşma tərzimizdir. Biz, yeniyetmələrdən bəzən yetişkin kimi davranmalarını və düşünmələrini istəyirik. Lakin unuduruq ki, onların dünyası, inkişaf mərhələsi çox fərqlidir. Bu fərqliliyi anladığımız zaman onlara qarşı təzyiqlərimiz, davranışlarımız da dəyişməyə başlayır. Biz onlara qarşı dəyişə bildiyimiz zaman, onlar da bizə qarşı dəyişməyə başlayır. Unutmaq lazım deyil ki, hər bir insanın ilk öncə, qayğıya, anlayışa və diqqətə ehtiyacı var. Xüsusən də əgər, qarşımızdakı insan dünyaya hələ yeni-yeni toxum səpməyə başlayan yeniyetmədirsə. Yeniyetməlik dövründə səhvlər etməməsi üçün onlara qarşı nə qədər sərt davranırıqsa, onların bir o qədər böyüklərə qarşı gəlmə instinkti böyüyür"

Mirkamil Kazımzadə onu da vurğulayıb ki, yeniyetməlik dövrünün ən çox ehtiyac duyduğu şey anlayışdır.

"Onların bizi anlamasını tələb edirik. Halbuki, biz böyüyük və onları daha çox anlamağa çalışmalıyıq. Burada problemin təkcə yeniyetməlik dövründən gəlmədiyini də vurğulamaq lazımdır. İnsan neçə yaşında olursa olsun, qərarları ani vermir. Bir yeniyetmənin xarakter xüsusiyyəti, dünyaya baxışı, doğulub boya-başa çatdığı və böyüməyə davam etdiyi ailəsinə çox bağlıdır. Böyüklər yeniyetməlik dövrünün nə qədər çətin keçdiyini anlasa və anladıqlarını qarşı tərəfə hiss etdirməyə çalışsalar, yeniyetmələr bir o qədər uyumlu olmağa başlayarlar. Əks təqdirdə isə onlar bizlərdən bir o qədər çox qurtulmağa can atacaqlar".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı