"Şəhidlər şərəfli qəhrəmanlıq tariximizin ən parlaq nişanələridir" - Firad Əliyev

Şəhidlər şərəfli qəhrəmanlıq tariximizin ən parlaq nişanələridir. Hər il olduğu kimi bu il də müqəddəs ziyarətgahımız hesab olunan Şəhidlər xiyabanında izdiham müşahidə olunur. Bu, xalqımızın Vətən uğrunda canlarını fəda etmiş şəxslərin ruhlarına olan dərin ehtiramının ifadəsidir. İllər, qərinələr, əsrlər keçsə də, bu ənənə davam edəcək.

Metbuat.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

F.Əliyev qədirbilən xalqımızın qəhrəman Vətən övladlarını heç vaxt unutmayacağını diqqətə çatdırıb. "Bu müqəddəs məkanda adamın ruhu rahatlıq tapır, təkcə ona görə yox ki, burada Vətən fədailəri uyuyur, həm də ona görə ki, insan az da olsa, özünü onların qarşısında öz mənəvi borcunu ödəmiş kimi hiss edir. Eyni zamanda, insanı qarışıq hisslər duyğulandırır. Bu hadisə həm ömürlük nisgilimiz, həm də əbədi qürurumuzdur", -deyə F.Əliyev deyib.

Onun sözlərinə görə, bu qanlı faciəyə yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra siyasi-hüquqi qiymət verilib. “Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması da tövsiyə edilib.

Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejim tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirilib. Beləliklə, Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi və eyni zamanda, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.

Bir müddət sonra Ulu Öndər Heydər Əliyevin 1998-ci il 31 mart tarixli Fərmanı ilə 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar şəhidi” fəxri adı verildi. Həmçinin şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi və pensiya təminatı da gücləndirildi. Bakı şəhərinin ən hündür və mənzərəli yerində yerləşən Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi də məhz Ümummilli Lider Heydər Əliyevin Sərəncamına əsasən layihələndirilib və tikilib.

Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi üçün mübarizəyə qalxan və mərdlik göstərərək əlil olmuş şəxslərə və şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının ailələrinə mənəvi və maddi dəstək göstərilməsi üçün tədbirlər müntəzəm davam etdirilir. Bu müqəddəs missiyanın həyata keçirilməsində prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarının əməkdaşları da iştirak edirlər", -deyə F.Əliyev qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı