Əməkdar jurnalist dələduzluğun qurbanı oldu - FOTO

Azərbaycanın əməkdar jurnalisti Faiq Sadıqov dələduzluğun qurbanı olub.

Bu barədə Metbuat.az-a əməkdar jurnalist özü məlumat verib. O bildirib ki, bir ildən artıqdır ki, tikinti şirkətinin sahibləri tərəfindən dolandırlır: “Söhbət, əslən Naxçıvanın Cəhri kəndindən olan Bakı şəhər sakinləri Zahilə Qənbərova və qardaşı Pərviz Qurbanovdan gedir. Zahilə Qənbərova vətəndaşlara fərdi mənzillər tikintisi üçün yaratdığı “Şoranlıq-94” şirkətinin idarə edilməsini etibarnamə ilə qardaşı Pərviz Qurbanova həvalə edib. Pərviz isə öz əlaltısı Ceyhun adlı şəxslə sosial şəbəkələrdə 50 min manata fərdi evlər tikmələri barədə elanlar verir. Bağlanmış müqavilələrə əsasən, ev tikdirmək istəyənlər, ilkin olaraq şirkətə borc kimi 20 min manat ödəyir. Qalan 30 min manat isə mənzil sahibləri tərəfindən ayda 500 manat olmaqla 5 il müddətinə ödənilməlidir.

Mən də bu cür reklama aldanaraq şirkətlə müqavilə bağladım. Müqaviləyə əsasən, mənzillər 4-6 ay müddətinə tikilib təhvil verilməli idi. Şirkət göstərilən müddətdə evi təhvil vermədiyi halda ilkin ödənişi geri qaytarmaq barədə rəsmi öhdəlik götürdü. İlkin ödənişi ödədikdən sonra şirkət Abşeron rayonunun Saray qəsəbəsində evin bünövrəsini qoydu, bir neçə cərgə hörgü apardıqdan sonra işlər dayandı. Pərviz Qurbanov sifarişçilərlə bağladığı müqaviləyə görə, sifarişi yerinə yetirmədiyi üçün ev tikdirənlərdən aldığı borcu geri qaytarmalı olduğu halda, bunu etmədi və qaçıb gizləndi. Aldadılmış şəxslərin bir çoxu, o cümlədən mən bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət etsək də, Zahilə Qənbərovanın və Pərviz Qurbanovun tapılıb dələduzluğa görə məsuliyyətə cəlb edilməsi barədə təsirli tədbir görülmür”.

F. Sadıqov bildirir ki, bacı-qardaş tərəfindən aldadıldığından o, ilkin ödənişi notarius vasitəsilə verdiyi üçün, Pərviz Qurbanovun ondan aldığı 20 min manat borcu qaytarmadığına görə həmin notariusa müraciət edib:

"Qanunvericiliyə əsasən, notarius Ədliyyə Nazirliyinin Yasamal Rayon İcra şöbəsinə bu barədə məlumat verib. İcra Şöbəsi 2023-cü il avqustun 11-də Pərviz Qurbanovun 10 gün müddətinə borcu ödəməsi, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun-yəni Pərviz Qurbanovun əmlaklarının siyahıya alınması və üzərinə həbs qoyulması barədə qərar çıxarıb. Lakin bu qərarın heç bir əhəmiyyəti yoxdur. Çünki Pərviz Qurbanov Yasamal rayonunda yeni tikilmiş çoxmərtəbəli binada 4 mənzilini və bahalı maşınlarını oğlunun və digər şəxslərin adına keçirib. Sadə vətəndaşları aldadan şirkətin təsisçisi Zahilə Qənbərova şəhərin mərkəzindəki dəbdəbəli binalardan birində yaşayır”.

Məsələ ilə bağlı adıçəkilən Pərviz Qurbanovla əlaqə saxladıq. P. Qurbanov Bakıda olmadığını bildirərək suallardan yayındı: "Yanımda adam var, danışa bilmirəm, gəlim, əlaqə saxlayarıq".

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı