ATV-nin efirində yeni layihə: ağ-qara Azərbaycan kinosuna rəngli yanaşma - VİDEO

Azərbaycan kinosu yarandığı gündən özünəməxsus inkişaf yolu keçib. İrili-xırdalı çətinliklər, süni yaradılan problemlər kinomuzu həmişə müşaiyət edib. Kinomuz isə bütün əngəllərə baxmayaraq intibah dövrünü də yaşayıb, tarixə adı yazılan sanballı filmlər istehsal edib və qüdrətli sənətkarlar yetişdirib. Bu gün də kinomuz enişli-yoxuşlu yaradıcılıq və istehsal dövrünü yaşayır. Lakin filmlərin istehsalı davam edir və onları təbliğ etmək vacibdir.

Metbuat.az xəbər verir ki, incəsənətimizin ən vacib qolu olan kinomuzun təbliği məqsədilə ATV kanalının “1 az.kino” layihəsinə start verdiyini öyrəndik. “1 az.kino”nun məqsədi filmlərimiz haqqında bilinməyənləri, indiyə kimi açılmayan sirləri tamaşaçıya çatdırmaqdır. Bütün bunları izləyiciyə təqdim etmək üçün kanalda peşəkar yaradıcı və texniki heyət əzmlə çalışır. İnanırıq ki, filmlərin çəkildiyi məkanlar, artıq yaşlanmış aktyorların gənclik xatirələri, peşəkar mütəxəssis rəyləri, istehsal proseslərinin pərdə arxası məqamları ağ-qara kinomuz haqqında tamaşaçıda rəngli təəssürat yaradacaq.

Onu da öyrəndik ki, yaradıcı heyət müasir çəkiliş prosesi vasitəsilə ərsəyə gələn verilişlərdə yeni dövrün tamaşaçısı ilə tarixi filmlərimizin, əsasən ağ-qara kinomuzun ahəngdar sintezini yaratmağa çalışıb.

“1 az. kino” layihəsinin ilk verilişi fevral ayının 25-də, axşam saat 21:00-da ATV-nin efirində görüşünüzə gələcək və veriliş boyu haqqında söhbət açılan film yayımlanacaq. ATV-nin Azərbaycan mədəniyyəti sahəsinə həsr olunmuş daha bir yeni layihəsinin geniş tamaşaçı kütləsi qazanacağına əminik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR