60-dan çox qohumu öldürülən Xocalı sakini: "Bir gündə 4 yaxınımı dəfn etdik"

2 il bundan öncə Xocalıda yüzlərlə vətəndaşımız əzizlərini, yaxınlarını itirdilər.

Onlar üçün həmin qarlı gecə, yaddaşlarına qanlı gecə kimi birdəfəlik iz saldı. Xocalıda 60-dan çox qohumunu itirən Ceyran Əzizova həmin dəhşətli gecəni Metbuat.az-a danışıb.

1964-cü ildə Xocalıda anadan olan Ceyran xanım 1983-cü ildən 1992-ci il fevralın 13-dək Xocalıda uşaq bağçalarının baş mühasibi işləyib. 1989-cu ildə Xocalı sakini Vasif Məmmədovla ailə həyatı qurub və birgə nikahdan iki övladı var. Ceyran xanım deyir ki, soyqırım törədilən gecə həyat yoldaşı döyüşdəymiş:

“Həmin gecə mən də bütün xocalılar kimi ailəmi, qohumlarımı doğmalarımı itirdim. O vaxtlarda yoldaşım Xocalının özünümüdafiə batalyonunda döyüşürdü. Mən ayın 13-də, iki övladımla bərabər axıncı vertolyotla çıxmışdım. Həyat yoldaşım, qardaşı, anası, böyük qaynımın 17 yaşında oğlu Xocalıda idilər. Soyqırım törədilən gecə onlar da on minlərlə Xocalı sakini kimi meşələrə üz tutublar. Artıq Xocalının müdafiə xəttini ermənilər qırmışdılar. Meşədə qaynımı ermənilər snayperlə vurublar. Qaynanam qaynımın üz-gözünü bağlayıb kolluqda gizlədib ki, qurd-quş yeməsin. Yoldaşım yolun yarısında qaynanama deyib ki, geri qayıdıb qardaşının ölüb-ölmədiyini yoxlamaq istəyir. Həmin kolluğa qayıdıb baxanda görür ki, qardaşı artıq ölüb. Sonra mənim həyat yoldaşım qohumumuz, Milli Qəhrəman Araz Səlimova köməyə gedəndə mühasirəyə düşüb. Ermənilər Arazın bacısı və bacısı uşaqlarını girov götürüb, Araz və yoldaşımdan təslim olmasını istəyiblər. Bütün qadınlar, uşaqlar həmin mühasirədə olub. Mübarizə aparsalar da, ermənilər təslim olmaqlarını, əks-halda qadınları və uşaqları öldürəcəklərini deyiblər. Məcbur olub silahı yerə qoyurlar. Ermənilər əsirləri aparanda yoldaşım anasına deyib ki, anası olduğunu deməsin. Çünki onu geri qaytarmayacaqdılar. Üç gün sonra qaynanam əsirlikdən üst-başı qan içərisində geri qayıtdı. Qaynımın öldüyünü qaynanam bizə desə də, həyat yoldaşım Vasifin öldüyünü bilmirdik.

Martın 2-sində əsirləri dəyişmək haqqında söhbət gedirdi. Bu vaxt 86 meyit gətirdilər. Meyitlərin içərisində həyat yoldaşım Vasif Məmmədov da var idi.

Həmin günü bizə dörd şəhidin nəşi gəldi. Onlardan biri qaynım, biri həyat yoldaşım, bir böyük qaynımın 17 yaşında oğlu, biri də yoldaşımın xalasının həyat yoldaşı idi. Biz onların dördünü də həmin günü dəfn etdik. İkisini Ağdamın Tərnöyüt kəndində, baldızımın yoldaşını Ağdamın atçılıq zavodunun həyətində, qaynımı isə Uzundərədə. Atam isə beş gün sonra donmuş vəziyyətdə meşədə tapılıb və həyatını da belə itirdi”.

Bu qədər ağrını, acını, kədəri ürəyində dağa çevirib həyatla mübarizədən vaz keçməyən Ceyran xanım deyir ki, ömrünün 32 ilini insan yaşayışı üçün nəzərdə tutulmayan yerlərdə keçirib, həyatını pis yaxşı davam etdirməyə müvəffəq olub:


“Belə dəhşətləri Allah kimsəyə göstərməsin. Biz övladlarımızı böyütdük, nəvələrimiz var. Ali Baş komandanımızın, müzəffər ordumuzun, xalqımızın birliyinin, qazilərimizin, veteranlarımızın, dostların, dost ölkələrin dəstəyi sayəsində torpaqlarımız azad olundu. İşğaldan azad edildikdən sonra Xocalıya getmək mənə nəsib oldu. Bu hissi yaşamaq nə qədər ağrılı olsa da, mən gedib o torpaqları yenidən gördüm. Xocalı demək olar ki, 80-90 faiz dəyişib. Həmin Xocalıdan əsər-əlamət qalmayıb. Çaylar quruyub, ağaclar kəsilib. Evlərimizi ermənilər özlərinə uyğun düzəldib. 32 ildir onlar mənim təzə tikib qoyub getdiyim evimdə yaşayıblar, mən isə zibillikdə ömrümün bu çağına qədər gəlib çıxmışam. Artıq iyun ayında evimizə qayıdacağıq. İndi həmin torpaqlarda bərpa, quruculuq işləri davam etdirilir. Bizim evimizdə onların arasındadır. Sağ olsun dövlətimiz!”.

Bir ildir "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinə sədr seçilən Ceyran xanım qısa müddət ərzində soyqırımın tanıdılması, faciə qurbanlarının ailələrinə dəstək, onların ictimaiyyətə təqdim edilməsi və s, istiqamətdə bir çox işlər görüb:

“Çalışıram ki, yaddan çıxan, heç adları çəkilməyən, kölgədə qalan, qapıları döyülüb, könülləri xoş edilməyən ailələri tapıb, onları cəmiyyətə tanıtdırım. Bizdə elə ailə var ki, həyat yoldaşı, iki oğlunu, ailəsinin əksəriyyətini itirib. Bunlar balaca dərd deyil. Elə dərdlər var ki, onları görəndə öz dərdini dərd saymırsan.


Ailələrlə mütəmadi görüşürük, əlaqə saxlayırıq. Sosial şəbəkədən qruplar yaratmışıq. Onlarla hər gün əlaqə saxlayıram. Heç olmasa bir xoş sözlə könülərini xoş edirəm. Mən səhhətimlə bağlı bu işlərə ara versəm də, yenə də fəaliyyətimin başındayam.

Mənim sosial şəbəkədə Rusiyadan, Hollandiyadan, Amerikadan, Almaniyadan, Türkiyədən olan dostlarım var. Mən onlara mütəmadi olaraq Xocalı haqqında danışıram. Xocalı soyqırımı günü mənə dünyanın hər yerindən başsağlığı gəlir. Bunun üçün onlara da təşəkkür edirəm. Planımız, hədəfimiz gələcəkdə xarici ölkələrdə Xocalı soyqırımının tanıdılmasını üzbəüz canlı təbliğatla yaymaq, Xocalı soyqırımının digər dövlətlər tərəfindən qəbul olunmasına gücümüz çatan qədər töhfəmizi verməkdir".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı