Azərbaycan dili üzrə yeni imtahan modeli hazırlandı

Dövlət İmtahan Mərkəzi (DİM) “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və imtahan modeli işləyib hazırlayıb.

Bu barədə Metbuat.az-a DİM-dən məlumat verilib.

Qeyd olunub ki, hazırda Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlara uyğun olaraq ölçülməsini nəzərdə tutan imtahanların təşkil edilməsi əsas məsələ kimi qarşıya qoyulub.

“Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” ölkədə və ölkədən kənarda azərbaycanca öyrənənlər, öyrədənlər, təlim materialları hazırlayanlar və imtahan təşkil edənlər üçün əsas məqamları, məqsədləri, səviyyələrə və bacarıqlara görə təlim nəticələrini, imtahan prosesini, dilin tədrisi mövzularını, dil təlimi standartlarını müəyyən çərçivəyə salan bir proqram kimi hazırlanıb. Belə bir proqramın hazırlanması və imtahanın keçirilməsi Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlar əsasında ölçülməsini təmin edəcək.

Qeyd edək ki, dünyanın müxtəlif yerlərində dilin tədrisi üçün kurikulumların və dil üzrə bilik və bacarıqların ölçülməsi ilə bağlı alətlərin hazırlanmasında dillər üzrə ümum-Avropa çərçivə sənədi (CEFR) istifadə olunur. Sözügedən proqram və imtahan modeli də CEFR (The Common European Framework of Reference for Languages) və Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirilib. Proqramda CEFR normativləri Azərbaycan dili üzrə dil qaydalarına uyğunlaşdırılaraq təqdim olunub.

CEFR-ə əsasən, dil üzrə bilik və bacarıqlar A1-C2 arası 6 səviyyədə qruplaşdırılır:

A1 – A2 (aşağı səviyyə);

B1 – B2 (orta səviyyə);

C1 – C2 (yuxarı səviyyə).

CEFR-də olduğu kimi, bu proqramda da 6 dil səviyyəsi – A1, A2, B1, B2, C1, C2 müəyyənləşdirilib. Hər bir səviyyə əsas dil bacarıqlarını: dinləmə, oxu, danışıq və yazı bacarıqlarını təsvir edən hissələrdən ibarətdir.

DİM tərəfindən keçiriləcək imtahanlar sayəsində bu dili öyrənənlərin qeyd edilmiş bacarıqları hansı səviyyədə mənimsədikləri müəyyən olunacaq və iştirakçılara sertifikat veriləcək. Gələcəkdə sertifikatların müvafiq səviyyələrinə malik olanların həmin sertifikatın qüvvədə olduğu müddətdə Azərbaycan dili ilə bağlı müəyyən imtahanlardan azad olunması və buna uyğun normativ hüquqi bazanın yaradılması nəzərdə tutulur.

Xatırladaq ki, “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram artıq Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyatdan keçirilib və müstəsna istifadə hüquqlarının Dövlət İmtahan Mərkəzinə məxsus olduğunu təsdiq edən şəhadətnamə verilib. Növbəti həftə ərzində Mərkəz proqramın təqdimatını keçirəcək və ictimaiyyətə daha ətraflı məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı