Bakı, 5 iyun, Zərəngiz Mansurova, Flora Şükürova, AZƏRTAC
İyunun 5-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “Qloballaşma çağında milli ədəbiyyatlarda və ictimai fikirdə təhlükəsizlik məsələləri” mövzusunda beynəlxalq simpozium keçirilib.
AZƏRTAC xəbər verir ki, Sinergetik Tədqiqatlar İctimai Birliyi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi və Gənc Şairlər Birliyinin dəstəyilə V Şairlər Günü çərçivəsində keçirilən simpoziumda türkdilli və digər ölkələrdən gəlmiş qonaqlar iştirak ediblər.
AYB –nin sədri, xalq yazıçısı Anar bildirib ki, müstəqil inkişaf yoluna qədəm qoymuş Azərbaycan qardaş Türkiyə, Rusiya, Gürcüstan, İran, Qazaxıstan və digər xalqların ədəbiyyat adamları sıx əməkdaşlığın müxtəlif formalarını tapmışlar.
Bildirilib ki, bu gün bir-birinin suverenliyinə hörmətlə yanaşan xalqların münasibətləri hər bir ölkənin milli maraqlarına xidmət edir. Bu münasibətlər çərçivəsində rusiyalı, türk, özbək, qırğız, tatar, azərbaycanlı və digər yazarlar arasında qarşılıqlı əlaqələr günbəgün genişlənir.
AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu sənətdə inkişafa nail olmaq üçün tanınmış şair və yazıçılar arasında görüşlərin keçirilməsi, informasiya resusrslarında mədəni tədbirlərin işıqlandırılmasının, yaradıcılıq gecələrinin, “dəyirmi masa”ların təşkil olunmasının, adi internet paylaşmanın vacib amil olduğunu bildirib.
Ukraynanın tanınmış radioaparıcısı Konstantin Doroşenko, Gürcüstan yazıçısı Givi Alxazişvili, Türkiyə elm və ədəbiyyat sahibləri məslək birliyinin sədri Mehmet Nuri Parmaksız, Şimali Kipr Türk Respublikasının Mətbuat Şurasının sədri Züleyha Karaman, Özbəkistan “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəm, tanınmış İran şairi Məhəmməd Rza Cəfəri və başqaları qloballaşma dövründə milli ədəbiyyatların üzərinə böyük vəzifələr düşdüyünü söyləyiblər.
Simpoziumda səslənən çıxışlarda bildirilib ki, ədəbiyyatlarda qardaşlığı, dostluğu tərənnüm edən, bəşəriyyətə xoş güzəran bəxş edən bədii əsər qəhrəmanları təbliğ olunmalıdır. Dünyanı sülhün və qardaşlığın xilas edəcəyinə inanan yazıçılar geniş fikir mübadiləsi aparıblar.