Vəkil qurumlarının rəhbərlərinə elektron order və digər xidmətlərin təqdimatı keçirildi

Mart ayının 12-də “Badamdar Estate” mehmanxanasında Azərbaycan Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə Vəkil Bürolarının rəhbər şəxslərinə elektron order və digər elektron xidmətlərin təqdimatı keçirilib.

Metbuat.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən ARVK-nın sədri Anar Bağırov iştirakçıları salamlayaraq, Yel çərşənbəsi günü münasibəti ilə hər kəsi təbrik edib, elektron xidmətlərin əhəmiyyətindən danışıb.

Sədr son illər vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verildiyini və bu sahədə bir sıra layihələrə imza atıldığını deyib.

Kollegiya tərəfindən “Elektron vəkil orderi” sisteminin 5 Vəkil Bürosunda pilot layihə kimi uğurla yekunlaşdığını söyləyən Anar Bağırov məqsəd vəkillərin işinin asanlaşdırılması, vaxt itkisinin qarşısını alınması və vətəndaş məmnunluğunun yaradılması olduğunu deyib.

Sədr elektron vəkil sorğusu ilə bağlı da müəyyən işlərin görüldüyünü, bu istiqamətdə müvafiq normativ hüquqi aktlara dəyişikliklə bağlı təkliflərin hazırlandığını və aidiyyəti qurumlarla razılaşdırıldığını dilə gətirib.

Anar Bağırov qeyd edib ki, məlum olduğu kimi, Rəyasət Heyətinin 3 mart 2024-cü il tarixli iclasında, “Elektron vəkil orderi” cari ilin aprel ayından ilin sonuna qədər kağız daşıyıcı ilə paralel olaraq, növbəti ildən isə məcburi qaydada istifadə edilməsi barədə qərar verilib.

Sonra “Elektron vəkillik" Komitəsinin sədri Nihad Əliyev “Elektron vəkil orderi” və elektron müqavilələrin izahlı təqdimatını edib. Komitənin üzvü İlham Hüseynov isə elektron vəkil sorğusuna digər qurumların inteqrasiyası və qanunvericilikdəki dəyişikliklə bağlı məlumat verib. Eyni zamanda, qurum rəhbərlərinə “İnsan resurslarının elektron idarə edilməsi” və “Elektron kargüzarlıq” sistemlərinin izahlı təqdimatı olub.

Daha sonra qurum rəhbərlərinin sualları cavablandırılıb, “Elektron vəkil orderi”, ondan istifadə vasitələri ilə bağlı müzakirələr aparılıb, bir sıra təkliflər irəli sürülüb.

Sonda ARVK-nın sədri Anar Bağırov “Elektron vəkillik" Komitəsinin əməkdaşlarının əməyini yüksək qiymətləndirib, bu işlərin təkmilləşdirilməsi üçün gələcəkdə Vəkil Bürolarında təlimlərin keçirilməsini tövsiyə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı