Rusiya dövlət televiziyasının aparıcısı Vladimir Solovyov Azərbaycana qarşı növbəti dəfə təxribata yol verib

Rusiya dövlət televiziyasının aparıcısı Vladimir Solovyov Azərbaycana qarşı növbəti dəfə təxribata yol verib
18:12 19 Yanvar 2015
138 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 18:05 ]

Moskva. Fərid Əkbərov - APA. “Rossiya-1” telekanalında Azərbaycana qarşı növbəti təxribat törədilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, telekanalın efirində yayımlanan “Voskresnıy veçer” verişinin aparıcısı Vladimir Solovyov növbəti dəfə Azərbaycana qarşı təxribata yol verib.

 

O, Donetsk separatçılarını Dağlıq Qarabağdakı separatçılarla müqayisə edib, "Qarabağ xalqı öz torpaqlarını qorumağa qalxdı" deyərək Donetsk separatçılarına məsləhət verib: "Mən Qarabağdakı əhali ilə söhbətlər aparmışam. Onlar əvvəllər müharibənin nə olduğunu bilmədiklərini, müharibəni gördükdən sonra isə vuruşmağı öyrəndiklərini söyləyirlər. Mən əsla heç bir regional konflikti dəstəkləmirəm. Lakin insanlar nə vaxt ki, öz torpaqları uğrunda vuruşurlar, onlar vuruşmağı tez öyrənirlər".

 

Xatırladaq ki, V.Solovyovun belə mövqe nümayiş etdirməsi ilk dəfə deyil. O, ötən il dekabrın 7-də efirə gedən verilişində də Azərbaycana qarşı oxşar təxribata yol verib.

 

APA-nın qeydi: V.Solovyov ermənipərəst mövqeyi ilə tanınıb. Hələ 2011-ci ilin noyabrın 1-də aparıcısı olduğu “Vesti FM”də yayımlanan “Utro s Vladimirom Solovyovım. Polnıy kontakt” proqramında Azərbaycan dövləti və Azərbaycan xalqının ünvanına qeyri-etik ifadələr səsləndirib. Onun sistemli şəkildə bu cür təxribatlara yol verməsi iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlmir. Azərbaycan və Rusiya prezidentlərinin yürütdüyü siyasət nəticəsində iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və tərəflər qarşılıqlı maraqlara əsaslanan bu münasibətləri daha yüksək səviyyəyə qaldırmağın vacibliyini dəfələrlə vurğulayıblar. Şübhəsiz ki, erməni və rus xalqlarının dostluq münasibətlərinin inkişafına və möhkəmləndirilməsinə görə Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən fəxri medalla təltif olunan V.Solovyovun bu cür təxribatları təsadüfi deyil. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR