Uzun illərdən sonra açılmış 3 ağır cinayətin istintaqı başa çatdı

Xəbər verildiyi kimi, 1998-ci il il fevralın 7-də Qərib İbadova odlu silahdan naməlum şəxs tərəfindən atəş açılaraq qəsdən öldürülməsinə cəhd edilməsi, həmin il iyunun 20-də Ramiz Nadirovun naməlum şəxs tərəfindən odlu tapança silahından atılan atəşlər nəticəsində qəsdən öldürülməsi, 2001-ci il dekabrın 6-da isə həmin cinayətlərin icraçısı olmuş Dadaş Hüseynovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktları üzrə başlanmış cinayət işlərinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən tamamlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, ibtidai istintaqla 1 saylı Taxıl Məhsulları Kombinatının direktoru vəzifəsində işləmiş Vahid Haşımovun (sifarişçi) sifarişlə pul müqabilində 2 nəfər şəxsin qəsdən öldürülməsini təşkil etməsi, onun sürücü-mühafizəçisi işləmiş Qulu Muxtarovun isə bir qrup şəxs tərəfindən, başqa cinayəti gizlətməklə əlaqədar və təkrar adam öldürməsi, habelə başqa şəxsi qeyd olunan əməllərin törədilməsinə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, istintaqın gedişində toplanmış sübutlara əsasən, Vahid Haşımov pul müqabilində tanışı Qərib İbadovun öldürülməsini Ramiz Nadirova sifariş vermiş, sonuncu sifarişi icra etməkdən imtina etdiyi üçün Vahid Haşımov onların hər ikisinin öldürülməsini sürücü-mühafizəçisi Qulu Muxtarova həvalə edib.

Bundan sonra, Qulu Muxtarov müdiri Vahid Haşımovdan aldığı pulların müqabilində tanışı Dadaş Hüseynovu sifarişləri icra etməyə razı salmış və sonuncu müxtəlif vaxtlarda silahdan atəş açaraq Ramiz Nadirovu qəsdən öldürüb, Qərib İbadovu isə qəsdən öldürməyə cəhd edib.

İstintaqla, həmçinin, Qulu Muxtarovun törədilmiş cinayət əməllərindən xəbərdar olmaqla onu sonradan icra etdiyi cinayətlərə görə əlavə pul almaq üçün hədələyən Dadaş Hüseynovu 2001-ci il dekabrın 3-də Mirələm Seyidəliyev və Mətləb Fərzaliyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Vahid Haşımov (sifarişçi) və Qulu Muxtarov (icraçı) iş üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Mirələm Seyidəliyev və Mətləb Fərzaliyevin vəfat etmələri nəzərə alınmaqla, qanuna müvafiq qərarlar qəbul edilib.

Cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılıb, ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Baş prokurorun müavini tərəfindən təsdiq edilərək baxılmasından ötrü aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Baş Prokurorluq tərəfindən ötən illərdən bağlı qalmış cinayət işlərinin açılması məqsədilə aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı