Bakı, 6 iyun, AZƏRTAC
Ermənistanda qeyri-döyüş şəraitində həlak olmuş hərbçilərin valideynləri prezident iqamətgahı qarşısında növbəti dəfə etiraz aksiyası keçiriblər. Aksiyaya sakinlər də dəstək olublar. Valideynlər bu dəfə də övladlarının ölümünün səbəblərinin araşdırılmamasına etiraz ediblər.
Aksiya zamanı polis və iqamətgahın mühafizəçiləri etirazçıları uzaqlaşdırmağa cəhd edərkən tərəflər arasında insident yaşanıb. Etirazçılardan bir neçəsi yerə yıxılaraq özünü ölü əsgərə bənzədib. Polis aksiyanı dağıdıb, həbs olunanlar var. Qəzəblənən insanlar prezident Serj Sarkisyan, müdafiə naziri Seyran Ohanyanın əleyhinə şüarlar səsləndirib, övladlarının ölüm səbəbinin açıqlanmasını tələb ediblər. Nümayişçilər S.Ohanyanı orduda nizam-intizam yaratmağa, hərc-mərcliyi aradan qaldırmağa, əsgərləri yemək və geyimlə təmin etməyə çağırıblar.