Turizm sahəsi COP29-a necə hazırlaşır?

Hələ may ayının əvvəllərindən başlayaraq, COP29 kimi bir tədbirin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Dövlət Turizm Agentliyi işlərə başlayıb.

Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova mediaya açıqlamasında bildirib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən 300-dən artıq yerləşmə vasitəsi audit olunub və onlardan 200-ə yaxını təsnifatdan keçirilərək ulduz dərəcəsi əldə edib. Ulduz təsnifatından keçməyən 40-a yaxın hotelə nöqsanları aradan qaldırmaq üçün müddət verilib. Sədr müavininin sözlərinə görə, hazırda regionlarımızda yerləşən hotellərdə də ulduz təsnifatı üzrə işlərə başlanılması nəzərdə tutulur.

Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi Metbuat.az-a məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, turizm sektorunda cari ilin yaz aylarından başlanan canlanma ilin sonuna qədər bu sürətdə davam edəcək:

“Ölkədə restoran biznesini tənzimləyən hüquqi bazamız zəifdir” -

"Bu ilin noyabr ayında "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində BMT-nin mötəbər tədbirindən biri COP-29 Bakıda keçiriləcək. Sentyabr ayında isə Formula-1 yarışlarının keçirilməsi planlaşdırılıb. Hazırda diqqət mərkəzində olan Azərbaycanda turizm sənayesində rəqabət mühiti hiss olunur. Hesab edirəm ki, turizm sahəsində bu fürsətdən yararlanaraq daha maraqlı, cəlbedici və rəqabətli təkliflər irəli sürüləcəkdir.

Artıq COVİD -19 pandemiyasının təsirləri geridə qalıb. Turizm və qonaqpərvərlik sənayesi genişlənərək, yeni startaplar yaradılmağa başlanıb. Xüsusəndə mikro biznes subyektlərinin sayı artmaqdadır”.

COP 29-dan böyük gözləntilər olduğunu vurğulayan Samir Dübəndi bildirib ki, noyabr ayında turizm, nəqliyyat şirkətləri, bələdçilər fəaliyyətlərini daha yüksək keyfiyyətdə göstərmək üçün planlar qururlar.

“Bildiyiniz kimi turizm yerləşdirmə, qidalanma, nəqliyyat və əlavə xidmətlər üzərində qurulan fəaliyyət növüdür. Qeyd edilən seqmentlərdə də hazırlıq işləri aparılır. Hotellər və digər yerləşdirmə vasitələri otaq fondunu, xidmətlərini, personalı təkmilləşdirirlər. Dövlət qurumları tərəfindən qida sektoru müvafiq qurumlar tərəfindən yoxlanılır. Bu obyektlərdə sanitar-gigiyena qaydalarına, qida təhlükəsizlik tələblərinə riayət edilməsi nəzərdən keçirilir. Hotel adı daşıyan yerləşdirmə obyektlərinin təsnifat sisteminə qoşulmaları haqqında təşviqat davam edir”.

Samir Dübəndi düşünür ki, xidmət sektorunda mövcud çətinliklər olsa da, bunun aradan qaldırılmasında hər kəs öhdəsinə düşəni etməlidir:

“COP29 və digər mötəbər tədbirlər zamanı ölkə sənayesinin, iqtisadiyyatının üzərinə ciddi məsuliyyət düşür. Əgər layiqli xidmət göstərilərsə, ölkənin iqtisadi, sosial, ekoloji imicinin formalaşmasına müsbət təsir göstərəcək. Digər tərəfdən, bu sahədə olan biznesin inkişafı üçün müvafiq şəraitin yaradılması zəruri hesab edilməlidir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı