Azərbaycan və Gürcüstan qadın sahibkarlarının forumu keçirildi

2024-cü ilin 8 iyun tarixində Azərbaycan və Gürcüstandan olan qadın sahibkarlar iki ölkə arasında biznes əməkdaşlığını gücləndirmək məqsədilə bir araya gəlib. Magen David Azərbaycan, Magen David International Center for Women, “Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi (QİM İB) və Women Business Council in Georgia (WBCG) birgə əməkdaşlığı ilə qarşılıqlı biznes əlaqələrinin qurulması və ən yaxşı təcrübələrin bölüşülməsi məqsədilə “Azərbaycan-Gürcüstan Qadınlarının Əməkdaşlığı ilə Biznes İmkanlarının Yaradılması" adlı forum keçirilib.

Metbuat.az bildirir ki, forum mart ayında Azərbaycandan olan qadın sahibkarların Tbilisiyə səfəri və səfər çərçivəsində baş tutmuş uğurlu netvorkinq tədbirinin davamı olaraq həyata keçirilib. Həmin tədbir zamanı iştirakçılar əməkdaşlığı daha da gücləndirmək yollarını araşdırmış və qadınların iqtisadi cəhətdən gücləndirilməsi üçün həyata keçirilən təşəbbüslər barədə məlumat almaq imkanı əldə etmişdirlər.

Bugünkü forum “Magen David International Center for Women” təşkilatının direktoru Aygün Əhmədova və WBCG-nin sədri Natia Meparişvilinin layihə təqdimatı ilə başlanıb. Onlar iqtisadi inkişafda qadınların mühüm rolunu vurğulayaraq bu tədbirin əməkdaşlığa böyük töhfə verə biləcəyini bildirdilər.

Daha sonra tədbirdə iştirak edən fəxri qonaqlar - Milli Məclisin deputatları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun sədr müavini Eldar Həmidov, çıxış edərək regional mübadilənin əhəmiyyətini vurğulayıb və ölkədə qadın sahibkarlığını dəstəkləyən siyasət tədbirləri və təşəbbüslər barədə məlumat verib. Kiçik və Orta Bizneslərin (KOB-un) inkişafı üçün biznes mühitinin yaradılması və qadınların iqtisadiyyatda rolunun artırılmasını təşviq edən dəstək tədbirləri ətrafında müzakirələr aparılıb.

"Bu forum Azərbaycan və Gürcüstandan olan qadın sahibkarlar arasında əməkdaşlığı möhkəmləndirməyə töhfə verir. Bu əməkdaşlıq isə iqtisadi inkişafı təmin edir və qadınlara regionumuzun gələcəyinin formalaşmasında akitv iştirak etmək imkanı yaradır," - deyə millət vəkili və Magen David Azərbaycanın fəxri sədri Anatoliy Rafailov bildirib.

Forum iştirakçılar arasında təcrübə mübadiləsi ilə davam edib. Uğurlu Gürcüstan qadın sahibkarları, biznes assosiasiyalarının liderləri və onların azərbaycanlı həmkarları tərəfindən edilən təqdimatlar müxtəlif uğur hekayələrini nümayiş etdirib və gələcək əməkdaşlıqlar üçün yeni imkanlar müzakirə olunub.

"Qadın sahibkarların uğuru iqtisadiyyatları gücləndirir. Bu forum əməkdaşlığı təşviq edir, bir-birimizdən öyrənməyə imkan verir və hər iki ölkədə qadın sahibkarların daha parlaq gələcəyinə yol açır," - deyə Natia Meparişvili qeyd edib.

Azərbaycanda səfərdə olan Gürcüstan qadın sahibkarları və biznes assosiasiyalarının liderləri növbəti iki gün ərzində yerli qadın sahibkarların müəssisələrinə səfər edəcək, eləcə də dövlət rəsmiləri ilə görüşlər keçirəcək. Hər iki ölkənin qadın sahibkarları bu tərəfdaşlığın daha yenilikçi layihələrə və təşəbbüslərə yol açacağına və regional iqtisadiyyata əhəmiyyətli töhfə verəcəyinə inanır, biznes əməkdaşlıqlarının qurulması və genişləndirilməsi üçün birgə çalışır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı