"Qohum nikahlarında genetik material dəyişilmir" - Açıqlama

Azərbaycanın Ailə Məcəlləsinə bir sıra dəyişikliklər edilməsi nəzərdə tutulub. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında nəzərdə tutulan dəyişikliklər müzakirə olunub. Ediləcək dəyişikliklərdən sonra 18 yaşdan aşağı xüsusi hallarda nikaha icazə verilməyəcək, qan qohumları arasında evlilik mümkün olmayacaq.

Bəs qohum evliliklərinin tibbi cəhətdən düzgün sayılmamasının səbəbi nədir?

Bu barədə Metbuat.az-a açıqlama verən mama-ginekoloq, uzman doktor Rəşad Sultan bildirib ki, qohum evliliklərində genetik material ötürüldüyünə görə, gizli xəstə genlərin aşkara çıxarmaq ehtimalı artır:


“Adi halda gizli qalan xəstə genlər qohum evliliklər zamanı qarşılaşaraq genetik xəstəlikləri üzə çıxarırlar. Qohum olmayan insanların izdivacı zamanı fərqli genetik kombinasiyalar yaranır. Bu, təbii seçmə və təkamül üçün geniş imkanlar deməkdir. Eyni babanın və nənənin övladları evlənəndə genetik material dəyişikliyə uğramır, oxşar genlərin içində itib batır. Elə bil ki ağac, bitki kimi vegetativ yolla çoxalırsan. Bu zaman doğulan uşaqlarda bir çox fiziki qüsurlar, o cümlədən boy qısalığı, yəni nanizm müşahidə edilir”.

Rəşad Sultan qeyd edib ki, bu məsələdə maariflənmə yolu ilə nəyəsə nail olmaq mümkün deyil:

“Bu qadağanın tətbiqi ilə bağlı məcburiyyətin tərəfdarıyam. Amma bizim cəmiyyət üçün bu məcburiyyətin vaxtının çatıb-çatmadığını demək çox çətindir. Məncə, sorğu aparmadan, insanların nəbzini yoxlamadan birbaşa belə bir qadağanın necə əks-səda yaradacağını zaman göstərəcək”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı