Vaşinqtonda Azərbaycanın COP29-a sədrliyinə dair tədbir keçirildi

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycanın COP29-a sədrliyinə dair tədbir keçirilib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, Vaşinqton şəhərində Azərbaycan Respublikasının səfirliyi və Amerikanın Ticarət Palatasının birgə təşkilatçılığı ilə “COP29: Enhancing Ambition, Enabling Action” adlı hibrid formatda tədbir baş tutub. Tədbirdə ABŞ-ın dövlət qurumlarının, diplomatik korpus, özəl sektor, xarici və yerli media orqanlarının nümayəndələri və digər maraqlı tərəflər iştirak edib.

Öncə ABŞ Ticarət Palatasının vitse-prezidenti Xuş Çoksi qonaqları salamlayaraq, iştirakçılara tədbirin proqramı barədə məlumat verib.

Ölkəmizin ABŞ-dakı səfiri Xəzər İbrahim öz çıxışında dünyada iqlim dəyişmələri fonunda baş verən hadisələrdən və ölkəmizin COP29-a sədrliyi çərçivəsində görülən işlərdən danışıb.

ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin baş müavini Syu Biniyaz ölkəsinin COP29-a dair məqsədlərindən bəhs edərək, İkiillik Şəffaflıq Hesabatının vaxtında təqdim olunması üçün Azərbaycan tərəfindən sıx iş aparılmasından məmnunluq duyduğunu vurğulayıb.

ABŞ nümayəndəsi ölkəsinin Paris Sazişinin altıncı maddəsi çərçivəsində Azərbaycanla eyni məqsədləri paylaşdığını qeyd edib. S. Biniyaz yaxın zamanda Azərbaycanın COP29 prioritetlərini və gündəliyini elan etməsini səbirsizliklə gözlədiyini bildirib.

Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29-a dair yeni inkişaflardan bəhs edərək, Bonn şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının konstruktiv müzakirələrin aparılmasına imkan verdiyini və tərəflərin iqlim dəyişikliyi məsələlərində bir araya gəlməsi üçün əlavə platforma yaratdığını qeyd edib. Y. Rəfiyev konfrans zamanı ölkəmizin COP29 üçün nəzərdə tutduğu baxışı təqdim etdiyini vurğulayıb.

Baş danışıqçı iqlim maliyyəsi məsələlərində dövlət qurumları ilə yanaşı, özəl sektorla birgə əməkdaşlığın əhəmiyyətini də vurğulayıb.

COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Oqtay Məmmədov çıxışı zamanı ölkəmizdə keçiriləcək tədbirlə bağlı iştirakçılara logistik və yerləşmə məsələlərinə dair məlumat verib. Çıxışlardan sonra sual-cavab sessiyası baş tutub.

Tədbirin sonunda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Marti Durbin tədbir iştirakçılarına və səfirliyimizə faydalı əməkdaşlığa görə təşəkkürünü bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı