Taksilər nəzarətə götürüldü - RƏSMİ

"Taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyənlər müvafiq icazələr əldə edərək fəaliyyətlərini davam etdirirlər".

Bunu Metbuat.az-a açıqlamasında AYNA-nın mətbuat katibi Tural Orucov deyib. O bildirib ki, yaşı 15 ili keçməyən avtonəqliyyat vasitələri ilə taksi fəaliyyəti göstərmək istəyənlər 1 iyul tarixinədək icazə üçün müraciət edə bilərdi.

"Bu gündən sonra isə yalnız yaşı 8 ilə qədər olan nəqliyyat vasitələri icazə üçün müraciət edə biləcəklər. Həmçinin avtomobillərə “avro-5” standartı tələbi də bu gündən qüvvəyə minir. Taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarında istifadə olunması üçün idxal edilən və ya ölkədə istehsal olunan avtonəqliyyat vasitələrinə şamil edilir".

Tural Orucov qeyd edib ki, bu günədək taksi fəaliyyəti üçün 11696 “Buraxılış kartı” alınıb, 24482 sürücü təlimlərə cəlb edilib.

"Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi üçün "AYNA" informasiya sistemində "E-taksi" alt sistemi yaradılıb. Hazırda operatorlar adsızlaşdırılmış məlumatları real vaxt rejimində həmin sistemə ötürürlər.

“E-taksi” xidməti vasitəsilə sifarişi qəbul edən sürücünün icazəsinin olub-olmadığını izləmək mümkündür. Əməkdaşlar tərəfindən buraxılış kartlarının yoxlanılması həyata keçiriləcək.

Sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək".

Onun sözlərinə görə, yeni qaydaların qüvvəyə minməsi ilə taksi xidməti sahəsi tənzimlənəcək, peşəkar əmək bazarı formalaşacaq və xidmət keyfiyyəti artacaq.

"Bununla da peşəkar taksi sürücülərinin fəaliyyəti üçün münbit şərait yaranacaq. Markasından asılı olmayaraq, standartlara cavab verən bütün nəqliyyat vasitələri taksi kimi istifadə oluna bilər".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR