"Atamı zirzəmiyə aparıb deyiblər ki, Nağıyevin pullarından imtina et" - MÜSAHİBƏ

Bakı milyonçusu, xeyriyyəçi, neft hasilatçısı Ağa Musa Nağıyevin oğlu İsmayıl vəfat etdikdən sonra, o, qardaşı Ağa Əlinin övladının adını dəyişərək, oğulluğa götürür. Adını isə Fərəc qoyur – yəni, kədərdən sonra gələn sevinc. Fərəc Nağının taleyi də keşməkeşli keçir, bir müddət vətəndən ayrı yaşamalı olur. Onun 5 övladından biri isə tarix üzrə fəlsəfə doktoru, xeyriyyəçi, ömrünün 32 ilini Ağa Musa Nağıyev və Bakı milyonçularının yaşadığı dövrü araşdırmağa sərf edən Dilarə Nağıyevadır. O, hazırda 84 yaşındadır.

Metbuat.az Dilarə Nağıyeva ilə müsahibəni təqdim edir:

Ağa Musa Nağıyev araşdırmaçısı və xeyriyyəçi…

- Mənim 84 yaşım yenicə tamam olub, durmadan fəaliyyətimi davam etdirirəm. 10 kitab yazmışam, sonuncu kitab bu yaxınlarda çıxacaq. Ağa Musa Nağıyev adına “Milli Dəyərlərin Qorunması” İctimai Birliyini yaratmışam, sədri qızım Könül Muxtarovadır. Zaman-zaman şəhid və qazi ailələrini ziyarət edərək, az da olsa, maddi və mənəvi dayaq oluruq.

Mənim dissertasiyam da Musa Nağıyevin ictimai fəaliyyəti və sahibkarlığı haqqında olub. Çox uzun müddət bu mövzunu məndən gah alırdılar, gah qaytarırdılar. Demək olar 2009-cu ildən bu mövzu üzərində işləmişəm. Nəhayət ki, 2022-ci ildə, yəni 82 yaşımda tarix üzrə fəlsəfə doktoru adını qazanmağa nail olmuşam.

Musa Nağıyevin nəvəsi olaraq, 32 ildir onun fəaliyyətinin tədqiqatı ilə məşğulam, araşdırmalar aparıram. Onun tikdirdiyi 98 binadan 81-ni siyahıya almaq, onların köhnə və təzə ünvanlarını tapmaq çətin məsələ olsa da, bu, mənim üçün şərəfdir. Bu gün mən fəxr edirəm ki, atamın da, Musa Nağıyevin də fəaliyyətini davam etdirirəm.

Dövrün iki milyonçusunun münasibətləri

- Ağa Musa Nağıyev və Hacı Zeynalabidin Tağıyevin münasibətləri çox gözəl olub. Ümumiyyətlə, Bakının 11 milyonçusu olub. Onlar arasında ancaq Musa Nağıyev 98 bina tikdirib. Məncə dünya miqyasında heç belə bir rəqəm yoxdur. Yatırdığı vəsaitə görə də seçilib - 413 milyon. Bu gün bu məbləğ İsveçrə banklarındadır.

Tağıyevlə münasibətləri çox gözəl olub. Onunla qohumluq əlaqəsi olmayıb, amma ağsaqqal kimi hər şeyi onunla məsləhət edərdi, onunla birgə arabaya minərdilər. Hətta belə deyirlər ki, bir dəfə Tağıyevin, növbəti dəfə Nağıyevin arabası ilə dəniz kənarında səyahətə çıxardılar. Çox gözəl söhbətləri olardı.

Tağıyev Şollar suyunu çəkdirəndə, Nağıyev Dumanın iclasında qalxıb deyib ki, mən lazım olan 33 milyonun 75 faizini (24 milyon) ödəməyi öhdəmə götürürəm. Yəni, belə hörmət əlamətləri çox olub aralarında.

Bir dəfə Musa Nağıyev və Hacı Zeynalabidin Tağıyevi neft işi ilə əlaqədar Sankt-Peterburqa dəvət edirlər. Burada çar təntənəli bir bal təşkil edir. Musa Nağıyev bura gecikir, təlaş keçirən Tağıyev deyir ki, yenə bu qənaətcillik edib? Bu anda Musa Nağıyev içəri daxil olub. Orkestr musiqini saxlayıb, rəqs dayanıb. Nağıyevin gəldiyini elan ediblər. Çar bu vəziyyəti pis qəbul etmir, axır ki, vəziyyətdən çıxırlar. Musa Nağıyev yaxınlaşanda, Tağıyev deyir ki, sən belə şeyi necə etdin? Nağıyev deyir, bu gün mənim o qədər sevincli günümdür ki, ona görə gecikdim. Həm də bir ətək pul vermişik, çar bilməsin ki, biz kimik burada?

Bakı milyonçularından Osmanlıya gedən yardımlar…

- Türkiyə üçün çox böyük xeyriyyə işləri görüb. 1912-13-cü illərdə Osmanlının 4 kiçik Balkan ölkəsində apardığı müharibədə Azərbaycandan göndərilən pulların yığılmasına Musa Nağıyev rəhbərlik edib. Osmanlı Qızıl Aypara Cəmiyyətinə 9 dəfə yardım edilmişdi. Bu da cəmi 884 min 683 quruş təşkil edirdi.

Osmanlı arxiv sənədlərindən tapdığıma görə, Musa Nağıyev Rus-Osmanlı müharibəsi dövründə Ərzurumun dağıdılmış məscidlərinin birində Quran tapıb, onu satın alaraq, saxlayıb. Müharibədən sonra V Sultan Mehmet Rəşada hədiyyə etmişdir. Sultan onu yanına çağırtdıraraq, bu xidmətlərini yüksək qiymətləndirir, onu "Məcidiyyə" və "Osmaniyyə" ordenləri ilə təltif edir. Onu da qeyd edim ki, hər ay ora Musa Nağıyev və Tağıyev tərəfindən ora ianələr gedib. Tağıyev 11 milyonçunun hamısını cəlb edirdi, Xeyriyyə Cəmiyyətinin sədri idi. Amma Nağıyev ondan əlavə öz vəsaitindən də kömək edirdi.

Musa Nağıyev həqiqətən xəsis idimi?

- Musa Nağıyevin xəsis olduğu deyiləndə çox pis oluram, bunu 32 ildir eşidirəm. Mən demişəm ki, pulu qazanmaq igidlik, onu əldə saxlamaq bacarıq, ondan düzgün istifadə etmək istedad tələb edir. Bu üç xüsusiyyət Musa Nağıyevdə olduğu üçün o, qənaətcil olub. Manaf Süleymanov "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" kitabında bunu yazıb, Musa Nağıyevi ləkələyib, gedib...

Milyonçu oğlunun bəlalı taleyi…

- Atam incəsənət işçisi olub. Teatr Texnikumunda Rejissorluq və aktyorluq fakültəsini bitirib. Başı çox bəlalar çəkib. Ona Azərbaycana qayıtmağa icazə veriləndə, həmin 98 binadan birində - Şamil Əzizbəyov 28 ünvanında, 2 mərtəbəli binada 18 kvadratlıq yer verirlər. Ata-anam həmin 1 otaqda 5 uşaq böyüdüblər.

Musa Nağıyev Sankt-Peterburqda olarkən, İsmayılın ölümündən çox az keçmişdi. O zaman qardaşı Ağa Əlidən xəbər gəlir ki, bir oğlumuz da dünyaya gəldi. Nağıyev deyir ki, bu yeni doğulan uşağı mənə verəcəksən, adını da dəyişib, Fərəc qoyur. Kədərdən sonra gələn sevinc deməkdir. Atamı vərəsə kimi qəbul edir, 16 il saxlayır. Hətta 1938, 1943-cü illərdə iki dəfə, çox güman ki İsveçrə banklarındakı məbləğin faizi gəlib. Atamı NKVD-nin zirzəmisinə aparıb deyiblər ki, Nağıyevin pullarından imtina et. Ya ölüm, ya qalım olacaq. Atam da o pulları kimsəsiz uşaqlara yönləndirib, onların dediklərinə görə. Bu sual bu günə qədər maraqlıdır. Amma araşdırmalara görə, Musa Nağıyevin İsveçrə və İngiltərə banklarında pulları bu gün də qalır.

Ağa Musa Nağıyev və neft fontanları…

- İlk neft zavodunu Musa Nağıyev salıb. İndiki “Ağ şəhər”, o vaxtki “Qara şəhər”də, bugünkü Heydər Əliyev adına Neft Emalı Zavodunun təməl daşını o vaxt Nağıyev qoyub. Orada həm Azərbaycan nefti istehsal olunurdu, həm də atamın danışdıqlarına görə, Sankt-Peterbuqrdan gələn neftin təmizlənməsini də üzərinə götürmüşdü.

Musa Nağıyevin mühəndisi Fətulla bəy Rüstəmov olub. Onlar barədə deyirdilər ki, sanki ikisi də neft üçün, neft istehsalı üçün doğulub. Fətulla bəy haranı işarə edirdisə, quyu qazılırdısa, orada neft fontan vururdu...

Yeni araşdırmalarla meydana çıxan faktlar

- Musa Nağıyev 1914-cü ildə qısa müddət öz adını daşıyacaq xəstəxana tikdirib. Bu xəstəxana həm də həkimlərin ixtisasartırma məktəbinə çevrilmişdi, Tibb Universitetinin bir kafedrası burada yerləşmişdi.

XX əsrin əvvəllərində Musa Nağıyevin müəssisələri Bakının ticarət-sənaye dövriyyəsində xüsusi yer tuturdu. 1913-cü ildə kontorlarının hesabına “Bakı Tacir Bankı”nı yaradıb. Bankın sədri olmaqla yanaşı, “Azov-Don”, “Volqa-Kama” kommersiya banklarının uçot komitəsinin üzvü, “Bakı Xüsusi Lombard Kredit Cəmiyyəti”nin idarə heyətinin üzvü seçilib.

1909-cu ildə “Zaqafqaziya Balıq Sənayesi” Cəmiyyətinin təsisçisi olub. 1916-cı ildə “Rus-İran Neft Sənayesi Yoldaşlığı” cəmiyyətini yaradıb. Musa Nağıyev Maarifçilik Cəmiyyətinin də təsisçisi olub. O, Bakıda oxuyan tələbələrə və xaricdə təhsil üçün etdiyi yardımları heç vaxt reklam etməyib.

Musa Nağıyevi digər Bakı milyonçularından nə fərqləndirirdi?

- Musa Nağıyevin digər milyonçulardan əsas fərqi 98 bina tikdirməsi idi və bu binalar məqsədyönlü olaraq tikilib. Mən bu gün bu binaların 81-ni siyahıya almışam. Günümüzdə bu binalardan 41-i dövlət və digər qurumların binası kimi, qalanları isə yaşayış binası kimi istifadə edilir. Məsələn, ilk poçt binası indi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Əvvəl "Semaşko" adlanan xəstəxana, Sabunçuda yerləşən xəstəxana da onun adına olub, indi poliklinika kimi fəaliyyət göstərir. Düzdür, təmir ediblər, artırıblar mərtəbələrini. Amma əvvəlki bina Nağıyevin tikilisidir. Həmçinin hazırki 2 saylı Şəhər Xəstəxanası da ona aiddir.

Ağa Musa Nağıyev yaxın tariximizdə neft sənayesi və təhsilinin inkişafında böyük xidmətləri olmuş milyonçu, xeyriyyəçi və mesenat olmuşdur. Realnı məktəbini himayəsinə götürüb, 25 min qızıl pul verərək, tikintisini sona çatdırmışdır. Bundan başqa, ildə məktəbin hazırlıq sinfində 25 müsəlman qızın təhsil almasına nail olub. Qız uşaqlarının təhsil almasında onun böyük rolu var.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı