"Bayden çalışır ki, seçkilərə qədər sülh müqaviləsi imzalansın" - Arzu Nağıyev

Xəbər verdiyimiz kimi, dünən Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü keçirilib.

Görüşdə müzakirə olunan məsələlər isə diqqət mərkəzindədir. Bəs Azərbaycanın NATO sammitinə qatılması nəyi göstərir? Bayramov-Blinken-Mirzoyan görüşü nəyi dəyişdirə bilər? Azərbaycan Şərqə, yoxsa Qərbə yönəlir?

Deputat Arzu Nağıyev Metbuat.az-a açıqlamasında bildirib ki, iyulun 10-da keçirilən görüşdə müzakirə aparılan əsas mövzu sülh müqaviləsinin imzalanması məsələsi oldu. Ümumiyyətlə, sülh müqaviləsi ilə bağlı həll olunmamış məsələlərin sayı azalıb və yeni layihə Azərbaycana göndərilib:

“Amma bu, o demək deyil ki, tam hazırdır. Azərbaycan öz öhdəliyinə sadiqdir və bütün zəruri addımları atmağa hazırdır. Lakin Ermənistan konstitusiyasında və digər sənədlərdə qonşu dövlətlərə, o cümlədən Azərbaycana qarşı ərazi iddiaları var”.

Deputat qeyd edir ki, Ermənistanın əksinə, Azərbaycan Konstitusiyasında qonşu dövlətlərə, o cümlədən Ermənistana qarşı ərazi iddiası yoxdur. ABŞ ciddi cəhdlə beynəlxalq bir format yaratmaq istəyir. Çünki ATƏT-in səriştəsizliyindən sonra heç bir beynəlxalq format yoxdur, sadəcə, ayrı-ayrı vasitəçi cəhdləri var:

"Bayden çalışır ki, seçkilərə qədər addım atsın və müəyyən imic formalaşdırsın. Paralel olaraq da istəyir ki, Rusiyanın sülh missiyasının qarşısını alsın. Çünki İsrail-HƏMAS və ya Ukrayna-Rusiya müharibəsinin sonu görsənmir. Ona görə də ABŞ üçün ən yaxşı variant Azərbaycan-Ermənistan arasındakı sülh məsələsidir. Azərbaycan isə düşünülmüş bir siyasət aparmaqla müstəqil daxili və xarici siyasətə malik olduğunu göstərir. Rəsmi Bakı da qərarları buna uyğun verəcək".

“Aydındır ki, Azərbaycan NATO ilə əməkdaşlığı davam edəcək, amma hələlik NATO təşkilatı ilə üzv olmağa bizi dəvət etmirlər”.

Bu sözləri saytımıza hərbi-siyasi ekspert Azad İsazadə deyib.

Ekspertin sözlərinə görə, NATO-nun üzvü olmaq üçün də həddindən artıq istək göstərmirik. Ona görə də, əməkdaşlıq davam olunur və bu əməkdaşlığın rəmzi kimi Ceyhun Bayramov dünənki sammitdə iştirak etdi. Amma nə İlham Əliyev, nə də Paşinyan bu sammitə qoşulmadı, halbuki, onlar da dəvət olunmuşdular.

“Bu onu göstərir ki, Azərbaycan və Ermənistan istəmir ki, hansısa üçüncü qüvvə bizim sülh prosesinə müdaxilə etsin. Vaşinqtonda Blinken-Bayramov-Mirzoyan sülh prosesini müzakirə ediblər. Hətta Blinken istəyərdi ki, müqavilə Vaşinqtonda imzalansın. Ya da Vaşinqtonun nəzarəti altında imzalansın. Bizim bu barədə mövqeyimiz birmənalıdır. Biz hələlik heç kimin köməyini istəmirik və gözləmirik”.

A.İsazadə deyir ki, hətta Qazaxıstandan böyük dövlətlər də sülh müqaviləsinin imzalanması prosesində daha neytral mövqedə dayanmalıdır. Şərq məsələsinə gəldikdə isə, Çinlə strateji partnyorluq haqqında müqavilə bağladıq və razılaşma əldə etdik. Amma bu o demək deyil ki, biz Şərqə və ya Qərbə gedirik. Biz, faktiki Şərq ilə Qərbin arasında olan bir dövlətik. Aydındır ki, nə Şərqdən imtina edə bilərik, nə də Qərbdən. Bu iki mühüm siyasi mərkəzləri iqtisadi baxımından birləşdirən dövlət ola bilərik".

Mədinə Zaur / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR