Zəncir vurulmadan axan qan - Təzəpirdən reportaj

İlk dəfədir ki, belə izdihamlı dini mərasimə yaxından şahidlik edirəm.

Söhbət Aşura günü ilə bağlı Təzəpir məscidində təşkil edilən mərasimdən gedir. Məscidə çatmamış mərasimin səsi eşidilir. Təsəvvürümdə o canlandı ki, yenə zəncir vururlar.

Səs-küy eyni idi. Amma arada bir fərq var idi. Mərasimdəki şəxslərin əllərində zəncir və dini şüarlar yox idi.

Böyük bir kütləni izləyib pilləkənlərlə məscidin həyətinə daxil oluram, insan izdihamı ilə qarşılaşıram. Yüksək səslə oxunan mərsiyələr, ağılar dörd bir yanı bürüyüb. Demişdim axı, hələ buraya çatmamış eşidirdim bu səsləri...

Səslər isə həyətdəki insanları ağlatmağa bəs edirdi.

Ətrafı gözdən keçirdim. Nəzir paylayan vətəndaşlar, əlləri ilə sinəsini döyənlər, əlilliyi olan-kömək istəyənlar, ağlayan qadınlar, konfet paylayan uşaqlar, “Ya Hüseyn” deyərək qışqırqan və hər kəsi ona qoşulması üçün səsləyən şəxs...

Müşahidə edirəm. Neçə əsr bundan əvvəl olan bir hadisəyə insanların yanaşma tərzini, gözlərindəki yaşları. İnsanların bu ağrını öz ürəklərində hələ də yaşatması isə biraz da olsa qəribə gəldi. Tanrı həqiqətənmi bunu buyururdu? Mən bildiyim qədəri ilə yox.

Məsciddə qanvermə aksiyasının olduğu yerə yaxınlaşdım. Elə özüm də qan vermək istəyirdim. Məqsədim isə Aşura günü özümü reklam etmək yox, xəstə şəxslərə biraz da olsa kömək olmaq istəyim idi. Ölkəmizdə verilən bəlkə də ən düzgün qərarlardan biri də elə budur. İllər əvvəl sinələrinə, başlarına zəncirlə döyənlər indi bu otaqda qan verir. Onlarla həkimin müşayiəti və yoxlamaları əsasında insanlar digər otağa daxil olub qan verməyə başlayırlar. Yaşlı, cavan, kişi, qadın demədən hər kəs qan verirdi. Hətta çəkilişə gələn media nümayəndələri də.

Təəssüf ki, özümdən başqa. Qan vermək arzusu ilə daxil olduğum otaqdan, qan vermədən çıxdım. Nə qədər israr etsəm də, həkimlər sağlamlıq baxımından icazə vermədilər. Beləcə, bir arzumu da yerinə yetirə bilmədim.

Kənarda üzərində şirniyyatlar və çay qoyulan kiçik stol diqqətimi çəkdi. İnsanlar qan verəndən sonra bura yaxınlaşıb çay içirdilər. Qan verməsəm belə jurnalist olduğumu öyrənib, məni süfrəyə dəvət etdilər. Çay və şirniyyat təklif etdikləri zaman isə elə fürsətdən istifadə edib qan verən şəxslərlə həmsöhbət oldum. Onlar özünü çox yaxşı hiss edir, Azərbaycanda müəyyən xəstəliklə savaşan və qana ehtiyyacı olan şəxslərə kömək olduqları üçün xoşbəxt görünürdülər. Həkimlər və tibb bacıları yeni qan vermiş şəxslərə həmin zalı tərk etməməyi tövsiyyə edirdilər. Səbəbini soruşduğumda isə yenicə qan verən şəxslərin günə çıxmamalı və oradaca şirin qida qəbul etməli olduqlarını dedilər. Təşəkkür edib oradan ayrıldım.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinə yaxınlaşıb oradakı prosesi izləməyə başladım. Bu səfər burada jurnalistlərin izdahımı ilə qarşılaşdım. Hər kəs Şeyxi gözləyirdi. Saat 12:00-da Şeyx və digər şəxslər qanvermə aksiyasına qoşulacaqdı. Həm yəhudi icmasının, həm katolik icmasının, həm də provaslav icmasının rəhbərləri də Şeyxlə bərabər qan verirdilər.

Müşahidələrim nəticəsində gəldiyim qərar bu oldu ki, illər sonra hər şey daha yaxşı idi... Ən azında bu səfər nə zəncir var idi, nə də insan bədənindən axan qanlar.

Mədinə Zaur / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı