2040-cı ilə qədər su ehtiyatları 20% azalacaq - Ekoloq

"Azərbaycanda quraqlıq getdikcə daha çox yayılan fenomendir. Quraqlıq deyəndə əsasən meteiroloji və hidroloji quraqlığı nəzərdə tuturuq. Meteoroloji quraqlıq ondan yaranır ki, əraziyə uzun müddət atmosfer yağıntıları yetərincə düşmür və torpağın quruması baş verir. Bu da meşələrin qurumasına, bitki örtüyünün tədricən yoxa çıxmasına, erroziyaya və digər bu kimi fəlakətlərə gətirib çıxarır. O cümlədən meşə yanğınlarının intensivliyi və davamiyyəti artır".

Bu sözləri Metbuat.az-a açıqlamasında ekoloq Rövşən Abbasov deyib. O bildirib ki, torpağın quruması daha çox Azərbaycanın dağətəyi rayonlarında müşahidə olunmaqdadır:

"Bu istiqamətdə daha çox zəif olan rayonlarımız Qobustan, Xızı rayonunun aşağı hissələri, Şabran rayonudur. Hansı ki, onlar rütubətli və quraq zona arasındadır. Ona görə də, belə ərazilərdə torpaq deqradasiyası daha sürətlə gedir.

Hidroloji quraqlıqlara gəldikdə isə bu, çaylarda sululuğun azalmasıdır. Azərbaycan çaylarında sululuğun azalması proqnoz edilib. 2040-cı ilə qədər su ehtiyatlarının daha 15-20 faizə qədər azalması nəzərdə tutulub. Başqa faktorlar da var ki, su ehtiyatlarının azalmasına təsir edir. Əsas səbəb odur ki, qonşu ölkələr bu çayların suyundan götürür və bu, Kür və Araz çaylarının sululuğunu azaldır".

Ekoloqun sözlərinə görə, quraqlıqla mübarizə tədbirləri çərçivəsində yaxşı olardı ki, quraqlığa davamlı kənd təsərrüfatına keçilsin:

"Sudan istifadə metodları müasirləşdirilsin. İçməli su təchizatında və suvarma sektorunda itkilərin qarşısı alınmalıdır. Çıxış yollarından biri də alternativ su mənbələrindən istifadədir. Azərbaycanda bu istiqamətdə daha çox işlər Xəzər dənizinin süniləşdirilməsi istiqamətində görülür".

Qeyd edək ki, Azərbaycan 2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə qlobal miqyasda 18-ci yerdədir. Bu barədə Dünya Bankının hesabatında bildirilib.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı