Bakı metrosunda təhlükəsizlik sədləri niyə quraşdırılmır? - RƏSMİ

Son vaxtlar metro stansiyalarında baş verən intihar hadisələri və qəzalar çox insanda narahatlıq yaradır. Dünyanın bir çox ölkələrində belə hadisələrin yaşanmaması üçün platformalarda sədlər quraşdırılır. Bəs Azərbaycanda yeni tikilən metro stansiyalarında belə sədlərin quraşdırılması mümkündür?

Mövzu ilə bağlı Metbuat.az-a danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu sistemlərin quraşdırılması üçün xüsusi şərtlər var:

"Metropolitendə bütün infrastruktur müvafiq normativlərə, xüsusən tikinti norma və qaydalarına uyğun olaraq inşa olunur. Buna uyğun olaraq da idarə olunmalıdır. Bu səbəbdən, Bakı Metropoliteni illər əvvəl bu istiqamətdə müvafiq araşdırmalarını aparıb. Bunun üçün bir neçə istiqamətdə xüsusi tədbirlər görülməlidir. Bu tədbirlər heç də kiçik məsələlər deyil".

Bəxtiyar Məmmədov bildirib ki, ilk növbədə Bakı Metropoliteni stansiyalarının platformaları bu sistemin istifadəsi üçün nəzərdə tutulmadığından onların çəkisindən, həcmindən aslı olmayaraq, platforma səviyyəsi platformanın altından olmaqla, inşaat qaydası ilə gücləndirilməlidir:

"Bu istisnasız olaraq həmin sistemin tətbiq olunacağı bütün platformalara şamil olunur. Bu təbii ki, kifayət qədər böyük və əsaslı iş olduğundan böyük maliyyə vəsaiti tələb edir. Amma bundan da vacib olan digər məsələlər var. Bilirsiniz ki, metroda havalandırma sistemi stansiyada və tunellərdə olmaqla aparılır. Burada qatarların hərəkətindən yaranan təbii hava kütləsinin idarə olunması zərurəti yaranacaq. Çünki metropolitendə havalandırma sistemi platformanın altı, platforma səviyyəsi və bütün sahələri nəzərə alınmaqla aparılır. Bu, hava kütləsinin idarə olunması üçün avtomatik olaraq metropolitenin stansiya və tunellərində artıq bütün plarforma sahələrində müvafiq tənzimləmə mexanizimləri tətbiq olunmalıdır. Bunlar kifayət qədər böyük məsələlərdir".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR