İran bunu etməsə, xalqını fəlakətlə üz-üzə qoyacaq - Deputat

"İran əvvəl də “vur” əmri vermişdi, amma onun özünü vurdular. Ona görə də, daha ağıllı siyasət yeritməyin vaxtı çatıb. İran da artıq düşünməlidir ki, dünya ilə üz-üzə gəlib, ancaq dua ilə mübarizə aparmağın yeri yoxdur. Dünyanın qaydalarına uymalısan, insan kimi yaşamağı bu arealda təmin etməlisən".

Bu sözləri Metbuat.az-a açıqlamasında deputat Fazil Mustafa deyib. O bildirib ki, bütöv xalqı bir ideologiyanın əsirinə çevirib fəlakət içində yaşatmağın nəticələri budur:

"Bu istiqamətdə düşünülməlidir. Çünki ideoloji olaraq, cəmiyyəti aldatmaq olar ki, sanki böyük bir gücə sahibdirlər. İran bununla guya dünyaya meydan oxuyur. Bu siyasət artıq işləmir. Öz evinin içində ona zərbə vurulursa, demək İranın buna gücü çatmır. İran ideoloji hədədən başqa imkana sahib deyil.

Bu baxımdan, yeni dünya şərtlərinə uyğunlaşan siyasət yeritməyin vaxtı çatıb. Əgər bunu etməsələr, xalqı daha böyük fəlakətlə üz-üzə qoyacaqlar. Bu da arzuolunan deyil. Bizim üçün heç arzuolunan deyil. Çünki biz qonşu ölkədə belə fəlakətlərin yaşanmasını istəməzdik".

Qeyd edək ki, HƏMAS rəhbəri İsmayıl Haniyə Tehrandakı iqamətgahının raketlə vurulması nəticəsində həyatını itirib. İran ali dini lideri Əli Xamenei hadisəyə cavab olaraq İsrailə birbaşa zərbələr endirmək əmri verib.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı