“Dezinformasiya”nı “saxta xəbər”in digər növlərindən fərqləndirən amillər

“Fake news”, “Misinformation”, “Disinformation” və digər bu kimi terminlər ənənəvi olaraq sinonim qismində işlədilirlər. Ümumi cəhətləri budur ki, cəm halında xəbərin yalan olduğunu, saxtalığını ifadə edirlər. Amma müasir media nəzəriyyələri bu terminləri bir-birindən ayırır. “Saxta xəbər”i (Fake news) yayılma şərtinə, niyyət və məzmununa görə növlərə bölürlər. Təsnifatlaşdırmanın nəticəsi olaraq qeyd edilən terminlər yeni anlayışda ortaya çıxırlar.

Dünyanın aparıcı rəqəmsal lüğət tərtibatçısı olan “Dictionary Center” qeyd edir ki, yanlışlığın xəbərə təsadüfən, yaxud bilərəkdən daxil edilməsinin önəmi vardır ( https://www.dictionary.com/e/misinformation-vs-disinformation-get-informed-on-the-difference/ ). “Misinformation” üzrə təsnif edilən xəbərlərdə “yanlışlıq” təsadüfi xarakter daşıyır, texniki amillərlə əlaqəli olur, qərəzli niyyət daşımır. Xəbər istehsalçısı olan şəxsin təsadüfən etimadsız mənbələrə istinad etməsi onun yaydığı informasiyanın yanlışlıq dərəcəsini artıra bilir. Bir sözlə, “Misinformation” deyərkən, zərərli məqsəd, qərəzli niyyət güdmədən yayılmış “yanlış xəbərlər” nəzərdə tutulur. Əgər kimsə yanlış məlumat paylaşırsa, lakin bunun yanlış olduğunu bilmirsə, deməli, texniki cəhətdən “misinformation” yayır ( https://link.springer.com/article/10.1007/s13278-023-01028-5 ).

Akademik mərkəzlər qeyd edirlər ki, “misinfarmation” (yanlış xəbər) mahiyyət etibarilə bəşəriyyətin yarandığı ilk dövrlərdən mövcud olub. 15-ci əsrdən (1400 yüzüncü illərdən) etibarən elmi ədəbiyyatda termin olaraq işlənməyə başlayıb. Yaşadığımız günlərdə isə internet informasiya resurslarının, sosial media platformalarının inkişafı texniki baxımdan “misinformation” (yanlış məlumat) yayımını sürətləndirərək qlobal problemə çevirib.

“Saxta xəbər”in (Fake news) növləri arasında ən ziyanlı olanı “dezinformasiya”dır. Digərlərindən fərqli olaraq bu kateqoriya bilərəkdən saxtalaşdırılmış, qərəzli şəkildə manipulyasiya edilmiş fakt və məlumatları nəzərdə tutur. Ekvivalent olaraq “rəqib tərəfdə təxribat törətmək məqsədilə düşməncəsinə yayılan saxta məlumat” cümləsindən istifadə edilir. Elmi ədəbiyyatlarda qeyd edilir ki, “Dezinformasiya bilərəkdən saxtalaşdırılmış yalan məlumatdır, mahiyyətində mənfur motivlər vardır. Zərərli niyyətlər üçün yaradılmışdır”.

Dezinformasiya siyasi fenomen kimi

“Dezinformasiya” termin qismində elmi ədəbiyyatda 1965-ci ildən diqqət çəkib. Sovet İttifaqı ilə ABŞ arasında mövcud olmuş “soyuq müharibə dövrü”nün şərtləri kontekstində gündəmə gətirilib. Rəqib olan bu dövlətlər bir-biri haqqında qəsdən saxtalaşdırılmış məlumatlar - dezinformasiyalar yaymaqla qarşı tərəfə zərər vurmağa çalışıblar. Amma Sovet İttifaqının dağılması, “soyuq müharibə”nin bitməsi dezinformasiya amilini aradan qaldırmayıb. Dezinformasiya siyasi savaş elemetinə çevrilərək inkişaf etdirilib.

Nüfuzlu “PolitiFact” platforması 2016-cı ildə “dezinformasiya”nı “ABŞ siyasətinin fenomeni” elan edib. Bu qənaət ABŞ-də keçirilmiş prezident seçkisi zamanı namizədlər tərəfindən yayılan informasiyaların təhlil edilməsi ilə formalaşıb. “PolitiFact” bu nəticəyə gəlib ki, dezinformasiya ABŞ siyasətinin ayrılmaz elementinə çevrilib. Prezidentliyə namizədlər də, mövcud prezidentlər də bu alətdən yararlanırlar ( https://www.politifact.com/article/2016/dec/13/2016-lie-year-fake-news/ ). Məşhur tədqiqat mərkəzlərindən olan “Statista” isə mövzunu daha da konkretləşdirib. 2022-ci ildə keçirdiyi sorğunun nəticələri üzrə hazırladığı hesabatda qeyd edib ki, ABŞ-də ümumi informasiya dövriyyəsində “feyk xəbər”in payı 56 faizə çatır. Ən maraqlısı isə odur ki, sorğu iştirakçılarının 50 faizi “saxta xəbər” artımının kökündə ölkənin rəsmi dairələrinin dayandığını deyiblər ( https://www.statista.com/statistics/1389356/gen-z-millennials-misinformation-and-responsibility-us/ ). “Washington Post”un fakt yoxlayıcıları prezident Trampın hakimiyyətə gəldikdən sonra söylədiyi “yalan və ya aldadıcı iddialar haqqında rekord”u paylaşıblar. Onların hesablamasına görə, ABŞ prezidenti səlahiyyət müddətində 6,420 yanlış fakta istinad edib ki, bu da gündə orta hesabla 10 yalan və yanıltıcı iddia deməkdir.

Yaşadığıız dövrdə “dezinformasiya” faktoru ABŞ sərhədlərini aşıb, dünya siyasətində savaş elementinə çevrilib. “Dictionary.com” bildirir ki, 2018-ci ildə dezinformasiya “İlin ən məşhur sözü” kimi tarixə düşüb.

Analitik mərkəzlərin hesablamalarına görə, “Saxta xəbər”in gündəlik informasiya dövriyyəsində payı 45-80 faiz aralığında dəyişir. Belə yüksək göstəricini həm texniki inkişafla (internetin, sosial media platformalarının çoxalması), həm də qlobal siyasi proseslərin aktivliyi ilə əlaqələndirirlər. Dezinformasiyanı qlobal problemə çevirən amil də budur ki, o, həm də legitim siyasi qruplar tərəfindən yaradılır və yayılır. Dövrümüzdə mövcud olan qanlı münaqişələrin, müharibələrin də bir çoxu bu mənbədən qaynaqlanır.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.

Məqalələr maarifləndirici xarakterlidir. Azərbaycanda dezinformasiyaya qarşı mübarizə üzrə innovativ dayanıqlığın yaradılması prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir.

Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Dezinformasiyaya qarşı mübarizə vasitələri” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 10 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı