"Kütləvi vaksinasiya ola bilər" - Professordan XƏBƏRDARLIQ

"Meymunçiçəyinin qlobal bir pandemiya yaradacağını qəti düşünmürəm. Amma ayrı-ayrı yerlərdə epidemik ocaqlar ola bilər, o cümlədən Azərbaycana da gələ bilər".

Bunu Metbuat.az-a açıqlamasında professor Adil Qeybulla deyib. O bildirib ki, hazırda xüsusi olaraq bu xəstəlik üçün vaksin yoxdur:

"Meymunçiçəyinə qarşı olan vaksin dolayısıyla suçiçəyi vaksinidir. Amma əlbəttə ki, virusun mutasiya etmiş ikinci serotipinə qarşı spesifik vaksin hazırlanması haqqında düşünülə bilər. Bu vaksin molekulyar biologiyanın ən müasir üsulları ilə alınır, ona görə də bu barədə artıq mütəxəssislər düşünməlidir. Hazırlanmalıdır və kütləvi istehsal üçün ehtiyatda saxlanılmalıdır. Ola bilər ki, bəli, kütləvi vaksinasiyaya ehtiyac yaransın".

Professor onu da vurğulayıb ki, bununla bağlı insanlar arasında maarifləndirmə aparılmalıdır:

"Mütləq diqqətli olmalıyıq. ÜST-ün tövsiyələrinə əməl etməliyik. Lazım olan anda lazımlı tədbirləri görməliyik. Maarifləndirmə aparılmalıdır, çünki bu olmayanda insanlar sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin səhv fikirləri ilə hərəkət edirlər".

Qeyd edək ki, Afrika İttifaqının Səhiyyə Xidməti mpox (meymunçiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb. Təşkilat meymunçiçəyi xəstəliyi ilə bağlı insanları vaksinasiyaya çağırıb.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı