"Ağır yükün altına girdim" - "Kəpəz"in yeni baş məşqçisi

Ağır yükün altına girdim. İnanıram ki, Gəncə futbolsevərləri ilə birlikdə bunun öhdəsindən gələcəyik və klubun ənənələrini geri qaytaracağıq.

Metbuat.az xəbər verir ki, bunu Report-a açıqlamasında “Kəpəz”in yeni baş məşqçisi Azər Bağırov təyinatı ilə bağlı danışarkən deyib.

40 yaşlı mütəxəssis bir sıra dəyişikliklər ediləcəyini söyləyib:

“Qarşıma həmişə çətinliklərə sinə gərmək məqsədi qoyuram. Gəncə böyük futbol məkanıdır. Nə qədər çətin olduğunu bilirəm. Bu mənim üçün bir çağırışdır. Rəhbərliklə söhbətimiz olub, bir sıra dəyişikliklər edəcəyik. Əsas olan məşq meydanlarıdır ki, onlar da qaydasındadır. Qalır əsas meydanla bağlı problem. Yəqin ki, 2025-ci ilin sonuna qədər həll olunar. Hər halda, hazır olmaq lazımdır”.

O, komandada da yeniliklər olacağını nəzərə çatdırıb:

“Komandada mütləq dəyişikliklər olacaq. Demirəm ki, çox çatışmazlıqlar var. Sadəcə, bəzi məsələlər var ki, mən Adil Şükürovdan fərqli baxacağam. Adil müəllimin əziyyəti olub, Gəncədə böyük işlər görüb. Xırda dəyişikliklər edəcəyik, ümidvaram ki, bu, nəticələrə də təsir göstərər. İnanıram ki, yaxşı kollektiv formalaşdıracağıq. Bundan sonra hara qədər irəliləyə biləcəyimizi görəcəyik”.

A.Bağırov sentyabrın 3-dən etibarən komandanı məşqlərə çıxaracağını bildirib:

“Gəncədə futbolu yaxşı bilirlər. İnanıram ki, komandadakı dəyişikliklər Gəncə futbolsevərlərinin istəyinə cavab verəcək və ürəklərincə olacaq. Azarkeşlərdən zəng vuranlar, təbrik edənlər olub. Sabah Gəncəyə qayıdıram, birisigün məşqlərə başlayacağıq. Azarkeşlərlə sıx-sıx görüşüb müzakirələr aparacağıq. Necə lazımdırsa, elə də addımlar atacağıq”.

Qeyd edək ki, mütəxəssis Gəncə klubu ilə 2 illik müqavilə imzalayıb. Komanda yeni mövsüm başlayandan hələ ki, xal qazana bilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR