Antiterror əməliyyatının indiyədək məlum olmayan detalları

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov antiterror əməliyyatının təfərrüatını açıqlayıb.

Metbuat.az həmin detalları təqdim edir:

"Bildiyiniz kimi, əməliyyat 19 sentyabr 2023-cü il saat 13:10-da başladı (saat 13:22-də artıq əməliyyatın başlaması barədə müdafiə nazirliyi rəsmi məlumat verdi) və 20 sentyabr saat 13:00-da bitdi, yəni bir sutkadan az davam etdi. Bu gün fəxrlə qeyd edə bilərik ki, Müzəffər Ali Baş Komandanın şəxsi nəzarəti altında keçirilən antiterror əməliyyatının qısa müddət ərzində, cəmi 23 saat 50 dəqiqəyə, uğurla başa çatması peşəkarlığın və döyüş təcrübəsinin nəticəsidir.

Qeyd etməliyəm ki, bu əməliyyata Quru Qoşunlarının komando, mexanikləşdirilmiş və motoatıcı bölmələrinin bir qismi, Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin bəzi qrupları, eləcə də raket-artilleriya və mühəndis-istehkam bölmələrinin məhdud sayda şəxsi heyəti və döyüş texnikası cəlb olunmuşdu. Düşmənin uzun müddət ərzində qurduğu və möhkəmləndirdiyi mövqeləri əməliyyata cəlb edilmiş bölmələrimiz yüksək peşəkarlıq sayəsində məharətlə yarıb keçə bildi.

Qarşıya qoyulmuş döyüş tapşırıqlarının icrasında istifadə edilən tanklar, piyadanın döyüş maşınları, zirehli transportyorlar, artilleriya sistemləri, hərbi aviasiya və radioelektron mübarizə vasitələrinin, eləcə də pilotsuz uçuş aparatlarının effektiv tətbiqi və səmərəli istifadə olunması əməliyyatın uğurla nəticələnməsində böyük rol oynadı.

Vətən müharibəsində və digər əməliyyatlarda olduğu kimi, Azərbaycan Prezidenti, cənab Ali Baş Komandanın əsas göstərişi bu idi ki, qarşıya qoyulmuş tapşırıqlar şəxsi heyət arasında minimum itki ilə yerinə yetirilsin. Bu məqsədlə əməliyyat başlanan kimi Ordumuzun arsenalında olan yüksək dəqiqliyə malik silahlardan düşmənin legitim hədəflərinə zərbələr endirildi. Dəqiq zərbələrlə düşmənin 1761 hədəfi sıradan çıxarılmışdı. Tapşırıqların icrası zamanı qarşılıqlı əlaqədə hərəkət edən bölmələrimiz bütün istiqamətlərdə uğurlar əldə etmiş və qısa zaman ərzində düşmənin 90-dan çox döyüş mövqeyini ələ keçirmişdi.

Bir faktı da qeyd etməliyəm. Əməliyyat şimalda beş, cənubda isə səkkiz olmaqla 13 istiqamətdə həyata keçirilmişdi. Vətən müharibəsindəki təcrübəmizdən yararlanaraq və əməliyyatın keçirildiyi ərazinin relyefini nəzərə alaraq, bölmələrimiz əsasən kiçik qruplar halında hərəkət edirdi. Bu da həm sürətli hərəkəti təmin edir, həm də düşmən üçün qəfil yaxalanma effekti yaradırdı. Bunun nəticəsidir ki, hücum istiqamətlərində bölmələrimiz az bir vaxtda Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd, eləcə də Xankəndi-Xocalı istiqamətində düşmənin dərinliyinə 5-26 kilometr irəliləyərək həmin istiqamətlərdəki bütün yolları nəzarət altına almışdı. Artıq bir neçə saatdan sonra düşmən dərinliyinə sızan və 9,5 km irəliləyən xüsusi təyinatlı bölmələrimiz bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarətin tam təmin olunması üzrə tapşırığı uğurla icra etmişdilər.

Demək olar ki, əməliyyatın müqəddəratı tam bizim xeyrimizə uğurla həll olunmuşdu. Məhz Silahlı Qüvvələrimizin birgə fəaliyyəti nəticəsində nail olduğumuz bu üstünlüklərdən sonra separatçı rejimin rəhbərliyi və Ermənistan silahlı qüvvələrinin qalıqlarının komandanlığı təslim olmaq barədə müraciət etmək məcburiyyətində qaldı. Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək, beynəlxalq humanitar hüququn norma və prinsipləri çərçivəsində, heç bir mülki şəxsi və ya obyekti hədəfə almadan antiterror əməliyyatı keçirmiş və 24 saatdan da az müddətdə 15-18 minlik hərbi qruplaşmanı təslim olmağa məcbur etmişdi.

Antiterror əməliyyatının nəticələrindən danışarkən, bir məqamı xüsusi olaraq bir daha qeyd etmək istəyirəm. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin dediyi kimi, separatizmin kökü kəsildi, Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qeyri-qanuni silahlı dəstələrin tərk-silah edilərək ərazilərimizdən çıxarılması mümkün oldu, ölkəmizin suverenliyi tam təmin edilməklə bütün ölkə ərazisində Azərbaycan Respublikasının Konstitusiya quruluşu bərpa olundu.

Mətbuata və geniş ictimaiyyətə indiyədək məlum olmayan bəzi faktları vurğulamaq istərdim. Cəmi bir gün ərzində 406 km2 ərazi yad ünsürlərdən təmizlənərək tam nəzarətimiz altına alındı. Əməliyyat zamanı düşmən ölən 310 nəfər və yaralı 614 nəfər olmaqla şəxsi heyət sarıdan itki verdi.

Bəzi statistik məlumatlara da nəzər salınması zənnimcə yerinə düşər. 19-20 sentyabr tarixlərində Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tank, 22 artilleriya sistemləri, 14 minaatan, 3 zenit kompleksi, 8 REM vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla silah və texnikası məhv edildi. Həmçinin əməliyyatın nəticəsi olaraq 1731 müxtəlif döyüş texnikası, artilleriya vasitələri, zenit-raket qurğuları, hərbi avtomobil, xüsusi texnika və digər döyüş vasitələri, eləcə də 18664 atıcı silah düşməndən müsadirə edilərək götürüldü.
Əməliyyatın xüsusiyyətlərindən söhbət açarkən qeyd etməliyəm ki, Ordumuzun bölmələri yaşayış məntəqələrinə daxil olmadı və erməni əsilli mülki əhali ilə təmasa girmədi. Yaşayış məntəqələri və orada yaşayan əhali zərər çəkməsin deyə əməliyyatda iştirak edən bölmələrin arxasınca hərəkət edən Daxili Qoşunların qüvvələri ilə mülki əhali silahlı toqquşmadan təcrid edildi. Mülki infrastruktura və əhaliyə, yaşayış məntəqələrinə zərbələr endirilmədi.

Vətən müharibəsində və digər əməliyyatlar zamanı olduğu kimi antiterror əməliyyatı zamanı hərbi polis bölmələri tərəfindən ərazilərdə komendant və patrul xidmətinin təşkili, zərurət yarandıqda marşrutların tənzimlənməsini, hərbi avtomobil texnikalarının müşayiət edilməsi və hərəkətinin istiqamətləndirilməsi, hərbi maşın karvanlarının təhlükəsizliyinin təmin olunması, qoşunların hərəkət etdiyi ərazilərdə təhlükəsizliyin və nizam-intizamın təmin olunmasına nəzarət, mühüm əhəmiyyətli obyektlərin, milli-mədəni irsə aid abidələrin mühafizəyə götürülməsi, düşmən bölmələrinin qoyub qaçdığı silah və texnikaların ərazilərdən yığılaraq aidiyyəti üzrə müvafiq orqanlara təhvil verilməsi, həmçinin erməni əsilli mülkü sakinlərin döyüşlər gedən ərazilərdən uzaq tutulması və qorunması üzrə qarşıya qoyulan tapşırıqları bacarıqla yerinə yetirilmişdir.

Geniş cəbhədə və iti sürətli keçirilən əməliyyat zamanı düşmənə çox güclü atəş və REM təsiri göstərildi ki, bunun nəticəsində də bölmələrimizin qısa müddətdə ön döyüş mövqelərini düşməndən təmizləyərək sürətlə dərinliyə irəliləməsi təmin olundu. Əməliyyatın gündüz başlamasına və əlverişsiz hava şəraitində, dağlıq-meşəlik ərazidə keçirilməsinə baxmayaraq, bölmələrimizin döyüş hazırlığı, yüksək idarəetmə və nail olduğumuz uzlaşma sayəsində qarşıya qoyulan bütün tapşırıqlar vaxtında və uğurla yerinə yetirildi. Bu gün tam səmimiyyətlə deyə bilərik ki, antiterror əməliyyatı üzrə planda nəzərdə tutulan tapşırıqların icrasının qısa zaman ərzində təmin olunmasında zabit, gizir və əsgər heyətinin peşəkarlığı və əvvəlki döyüş əməliyyatlarında qazandığımız təcrübə böyük rol oynadı".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı