Yeni yaradılan "Xankəndi" FK-dan ilk açıqlama

"Əvvəlcə hamımıza gözümüz aydın deyək, bu gün Azərbaycan futboluna "Xankəndi" FK-nı qazandırmağın sevincini və qürurunu yaşayırıq. Əlbəttə ki, "Xankəndi" futbol klubunun yaradılması ideyası birdən-birə ortaya çıxmayıb. Bu nöqtəyə gəlmək üçün Azərbaycan dövləti, Azərbaycan insanı 30 il nə qurbanlar verib, nə məhrumiyyətlər yaşayıb, hamımız fərqindəyik".

Bu sözlər yeni yaradılan "Xankəndi" futbol klubunun rəsmisinin Metbuat.az-a verdiyi açıqlamasında yer alıb.

Həmin açıqlamanı olduğu kimi təqdim edirik:

"Şükürlər olsun ki, cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin uzun illərdən bəri apardığı uğurlu geosiyasi, diplomatik, hərbi-siyasi fəaliyyəti, onun rəhbərliyi altında şanlı Ordumuzun, o cümlədən Xalqımızın birliyi, həmrəyliyi sayəsində, Şəhidlərimizin, qazilərimizin qanı-canı bahasına 30 ildən sonra suveren torpaqlarımızın işğaldan azad olunması ilə doğma Qarabağımıza, eləcə də Xankəndimizə indi həyat geri dönür.

30 ildir torpaq həsrəti, Qarabağ nisgili ilə yaşayan bizlərin ən böyük arzusu bu yerləri öz sahibinə qaytarmaq, bu yerlərdə yaşamaq, Vətənin bu dilbər guşələrində qurub-yaratmaq olub. Hazırda dövlətimizin xüsusi məskunlaşma proqramları vasitəsilə dədə-baba yurdundan didərgin düşmüş vətəndaşlarımız Qarabağa, eləcə də Xankəndi şəhərinə köçürülür. İnsanlar evlərinə geri qayıdır.

Bu yaxınlarda Xankəndidə Qarabağ Universitetinin açılışı da böyük bir hadisənin başlanğıcı hesab oluna bilər. Artıq bu universitetdə təhsil alacaq tələbələr, müəllim heyəti təqdim olundu, Prezident şəxsən Xankəndidə, Qarabağ Universitetində gəncləri, müəllimləri ziyarət edib xeyir-duasını verdi. Bütün bunlar onu deməyə əsas verir ki, yaxın beş ildə Xankəndi qaynar bir şəhərə çevriləcək. Əlbəttə, insanların kütləvi yaşamağa başladığı şəhəri idmansız, xüsusilə futbolsuz təsəvvür etmək mümkün deyil.

Bilirsiz ki, fubol ölkəmizdə ən populyar idman növüdür və işğaldan azad olunmuş yaşayış məntəqələrinə böyük futbolun qayıdışı bölgə ilə bağlı dövlət siyasətinin də prioritetlərindəndir. Elə bunu əsas götürərək düşündük ki, "Xankəndi" futbol klubunu təsis edib Azərbaycan futboluna qazandırmağın tam zamanıdır. Heç şübhəsiz, bu ideyanın təşəbbüskarı kimi bilirdik ki, belə bir klubun meydana çıxması cəmiyyətdə maraqla qarşılanacaq. Ona görə məsələyə hərtərəfli yanaşırıq.

Şükürlər olsun ki, Azərbaycan Futbol Federasiyaları və Assosiasiyasının, eləcə də Peşəkar Futbol Liqasının rəhbərliyi də bu ideyanı müsbət qarşıladılar və müəyyən məsələlərdə köməklərini əsirgəmədilər. Nəticəsi isə bu oldu ki, klubumuz Region Liqada yarışlara qatılacaq. Kollektivimiz adından hamısına təşəkkür edirik.

"Xankəndi" FK bu gündən Xankəndi şəhərini təmsil edəcək və bu mübarək faktın bizim çiyinlərimizə yüklədiyi məsuliyyəti, cavabdehliyi dərk edirik. Çünki Xankəndini, Qarabağımızı işğaldan azad edib bizə qaytarmış Şəhidlərimizin, Qazilərimizin, on minlərlə canfədaisi oğullarımızın haqqı heç nə ilə ödənə bilməz. Ona görə bu istiqamətdə atdığımız hər bir addımı min ölçüb bir düşünürük.

Qarabağımızı bu günə qədər milli futbolumuzda təmsil edən klublar var: Premyer-liqada Ağdamın "Qarabağ" klubu, Birinci və İkinci Liqalarda Füzulinin və Cəbrayılın eyniadlı komandalarının adını çəkə bilərik. Region Liqada isə Zəngilanın "Çinar" klubu çıxış edir. "Xankəndi" FK da Qarabağ bölgəsini təmsil edən növbəti klub kimi qeydiyyatdan keçib.

"Xankəndi" futbol klubunu təsis etməkdə əsas məqsədimiz böyük futbolu Xankəndiyə qaytarmaqdır. İstəyirik futbolun kütləviləşməsində və populyarlaşmasında bu komandanın rolu olsun. Daha sonra isə Region Liqada çempionluğa oynayan güclu bir kollektiv qurmağı planlaşdırırıq, bu istiqamətdə işlər gedir. Region Liqada çempion olub növbəti il İkinci Liqaya vəsiqə almaq komanda olaraq əsas hədəfimiz olacaq. Heyəti tam istədiyimiz kimi komplektləşdirmək üçün yoxlama oyunları keçiririk və mütəxəssislərimiz orada seleksiya işi aparırlar.

Klubumuz yenicə yarandığına və hələlik formalaşma ərəfəsində olduğuna görə, çox şey barədə təfərrüata varmaq istəmirik. Tezdir. Xankəndi adının böyüklüyü bizə tələsməməyi təlqin edir. Klubun maliyyələşdirilməsi tamamilə özəl imkanlar hesabına həyata keçirilir və gələcəkdə sponsor və tərəfdaşlıq müqavilələrinin bağlanması da nəzərdə tutulub. Ev oyunlarımız hələlik Şamaxı OİK stadionunda keçiriləcək, lakin gələcəkdə, mümkün olarsa, Xankəndi şəhərindəki mərkəzi stadionu ev oyunları üçün istifadə etməyi düşünürük.

Tamamilə peşəkar kluba çevrilməsini planlaşdırdığımız "Xankəndi" FK-nı bir gün Azərbaycan Premyer-liqasında görmək isə ən böyük arzumuz və iddiamızdır. Bu, mütləq olacaq. Buna həm ciddi dəstək, ciddi resurslar, həm də zaman lazımdır. Biz ilk addımı atdıq, inanırıq ki, növbəti mərhələlərdə qarşıya qoyduğumuz hədəflərə tək-tək nail olduqca sizinlə irəliyə yönəlik daha fərqli mövzularda söhbətlərimiz olacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı