İki şahmatçımız FIDE reytinqində irəlilədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) oktyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.

Metbuat.az FIDE-nin rəsmi saytına istinadən bildirir ki, dünyanın ən güclü şahmatçıları siyahısında Azərbaycan təmsilçiləri ilk onluqda yer almayıblar.

Azərbaycan şahmatçıları arasında ən yüksək nəticəyə Şəhriyar Məmmədyarov sahibdir. O, 2733 reytinq xalı ilə bir pillə geriləyərək 18-ci yerə düşüb. Teymur Rəcəbov isə 2700 xalla 31-ci pillədəki mövqeyini qoruyub. Rauf Məmmədov 2643 reytinq xalı ilə 10 pillə irəliləyərək 90-cı sıraya yüksəlib. Ölkənin gənc şahmatçısı Aydın Süleymanlı isə ilk dəfə olaraq dünyanın ən yaxşı 100 şahmatçısı arasına daxil olub və 2637 xalla 100-cü yeri tutub.

Azərbaycanın qadın şahmatçıları arasında ən yaxşı göstəriciyə Günay Məmmədzadə (2426) malikdir və 34-cü sırada qərarlaşıb. Gövhər Beydullayeva (2402) 45-ci, Ülviyyə Fətəliyeva (2383) 67-ci, Xanım Balacayeva (2362) isə 83-cü sırada yer alıblar. G.Beydullayeva əvvəlki ayla müqayisədə 8, Ü.Fətəliyeva isə 1 pillə irəliləyib.

Ümumi siyahıya isə yenidən norveçli Maqnus Karlsen (2831) liderlik edir. Onu ABŞ-dan Hikaru Nakamura (2802) və Hindistandan Arjun Eriqaisi (2797) izləyirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı