"Apple" şirkəti ağıllı ev texnologiyalarına böyük investisiya etməyə hazırlaşır. Şirkət ağıllı evlər üçün iPad-ə bənzəyən ekranlı idarəetmə cihazını təqdim edəcək.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, cihaz "Apple TV"nin tvOS sisteminə əsaslanan "homeOS" adlı yeni əməliyyat sistemindən istifadə edəcək.
Şirkət həmçinin cihazı divara yerləşdirmək üçün maqnitli prototiplər sınaqdan keçirir. Digər "Apple" tətbiqlərinin də çalışacağı cihazda "Apple Intelligence" dəstəyi olacaq. Bu da hazırda "HomePod" cihazlarında süni intellekt dəstəyinin olmaması fonunda böyük irəliləyiş hesab edilir.
Digər bir məlumata görə, "HomeAccessory" adı verilən cihaz kvadrat şəklində olacaq və istifadəçilər cihazı uzaqdan əl hərəkətləri ilə idarə edə biləcəklər.
Qeyd olunur ki, bu cür ekran "Apple"ın baha qiymətə "iPad"dən ağıllı ev idarəetmə cihazı kimi istifadə etmə cəhdlərindən daha sərfəli ola bilər.
"Apple"ın "HomeAccessory" cihazını 2025-ci ildə təqdim etməsi gözlənilir.