2015-ci il dünya geosiyasəti bizə nələr vəd edir? - FOTO

2015-ci il dünya geosiyasəti bizə nələr vəd edir? - FOTO
21:17 19 Yanvar 2015
346 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya ilə Qərb arasında qarşıdurma, Rusiyanın iqtisadi durumunun ağırlaşması, Ukraynanın şərqində separatçılıq, Suriya və Liviyada vətəndaş müharibələri, faktiki olaraq, parçalanmış İraq, Fələstinin tanınması, amerikalıların Əfqanıstanı tərk etməsindən sonra "Taliban"la bağlı durum 2015-ci ildə də dünya siyasətinin gündəmində qalacaq məsələlərdir.
 
"Qırğıların uçuşu"
 
Yeni ildə dünya geosiyasətinin əsas oyunçusu sayılan ABŞ seçki ərəfəsində olacaq. Birləşmiş Ştatlarda ötən il keçirilən parlament seçkisi demokratların mövqelərini nə qədər itirdiklərini göstərib. Hər iki palatada çoxluğu ələ keçirən respublikaçılar ölkə başçısı, demokrat Barak Obamanı "axsaq ördək" vəziyyətinə salıblar. Obamanın tibbi sığorta sahəsində islahatları və aztəminatlı ailələrin müdafiəsini nəzərdə tutan "Obama care" kimi əsas vədləri yerinə yetirilmədi. Bu gün Amerika ailələrinin orta alıcılıq qabiliyyəti 1962-ci ildə olduğu həddədir. Ölkədə afroamerikalıların hüquqlarının müdafiəsi tələbi ilə keçirilən kütləvi aksiyaları da unutmaq olmaz. Onların qarşıdakı aylarda da davam edəcəyi istisna deyil. Adi insanların qanunsuz şəkildə Ağ evə soxulmaları, xüsusi xidmət orqanlarının sabiq əməkdaşı Edvard Snouden ətrafında yaşananlar, ABŞ xüsusi xidmət orqanlarının yol verdikləri işgəncə faktlarının üzə çıxması demokratiya ixracatçısı olan ölkənin imicinə zərbə vurub və eyni zamanda, Obamanın opponentlərini qəzəbləndirib.
 
Rəqibləri Obamanı Rusiya, İran, Suriya və Şimali Koreya kimi dövlətlərlə həddindən artıq yumşaq davranmaqda da ittiham edirlər. Bu il respublikaçıların çoxluq təşkil etdiyi Konqresin ABŞ-ın İran və Kuba ilə münasibətlərini yaxşılaşdırmasına dair mövqeyi də bəlli olacaq.
Demokratların namizədləri "güc komandası"nın təmsilçiləri olacaqlar və bu, məntiqlidir. Məsələn, Qəddafi rejiminin devrilməsi ilə nəticələnmiş hərbi əməliyyatlar Hillari Klintonun adına yazılır və onun baxışları respublikaçıların yanaşmasından o qədər də fərqlənmir. Respublikaçılar isə bəlkə də, seçkiyə daha aqressiv namizədlə qatılacaqlar. Beləliklə, amerikalıların diqqətinin daxili problemlərdən, həmçinin iqtisadi çətinliklərdən yayındırılması, hərbi-sənaye sektorunun isə faydalanması üçün ABŞ sərt ritorikaya malik, qlobal qarşıdurmalara qadir namizədi prezident seçə bilər.
Bəs bu münaqişədə ABŞ-ın əsas rəqibi kim olacaq? Qərbin təzyiqlərinə rəğmən, İran ayaqda qalmağı bacarıb. Çin isə qüdrətli iqtisadiyyatı ilə düşmən gözündə görünmür, üstəlik, Amerika borcunun əsas hissəsi onun əlindədir. Demək, yerdə Rusiya qalır və Amerika ona qarşı daha aqressiv mövqe nümayiş etdirəcək.
 
Rusiya - seçim anı
 
Anatiliklər Rusiya ilə Qərb arasında qarşıdurmaya Ukraynanın səbəb olduğunu düşünsələr də, bu qarşıdurmanın daha öncədən başlandığını unutmaq olmaz: Amerikanın Maqnitsk aktı, Rusiyanın homoseksullağın təbliğini qadağan edən qanunu, Moskvanın Suriya probleminə dair sərt mövqeyi və məhz bunun NATO-nun Suriyaya hərbi müdaxilədən imtinasına əsas səbəblərdən biri olması və s. Bəs qarşıdurmanın mənbəyi haradır?
2000-ci ildən başlayaraq, neftin bahalaşması Rusiya iqtisadiyyatına ciddi gəlir gətirib. İqtisadiyyatdakı problemlərə, korrupsiyanın yüksək həddinə və məmur özbaşınalıqlarına baxmayaraq, Rusiya 90-cı illərin əvvəllərindəki iqtisadi şokdan və 1998-ci ilin defoltundan tədricən özünə gəlməkdə idi. Əlbəttə, bu illər ərzində Rusiya diversifikasiya vasitəsilə ixracdan asılı olmayan, daha rəqabət qabiliyyətli iqtisadiyyat qurmaq şansını əldən verib. Üstəlik, son illərdə Rusiya iqtisadiyyatı inkişaf edirdi və bu, onun geosiyasi mövqeyinə təsirsiz ötüşə bilməzdi. Bununla Rusiyanın ənənəvi rəqibləri barışa bilməzdilər.
 
ABŞ-ın tez-tez "MKİ-nin kölgəsi" adlandlırılan Stratfor özəl analitik araşdırma agentliyinin rəhbəri, amerikalı politoloq Corc Fridman ötən ilin sonlarında Rusiya KİV-ə müsahibəsində deyib: "Rusiya nüfuzunu daha da artırarsa, Amerikada heç bir prezident qollarını yanına salaraq otura bilməz". Məsələ ilə bağlı dünyaca məşhur Zbiqnev Bjezinskinin fikri daha aydındır: "Yeni dünya düzəni Rusiyaya qarşı, Rusiyanın qalıqları üzərində və Rusiyanın hesabına formalaşacaq". Yəqin ki, şərhə ehtiyac yoxdur.
 
Bu kontekstdə Ukraynada baş verənləri Rusiyanın geosiyasi baxımdan güclənməsinin önlənilməsi cəhdi kimi qiymətləndirmək olar. Əslində, Krım və deyəsən, Rusiya rəhbərliyinin özünün nə edəcəyini bilmədiyi Donbasda baş verənlərə baxmayaraq, Ukrayna uğrunda döyüşdə Moskva məğlub olub. Amma Moskvanın rəqibləri də əsas məqsədlərinə nail ola bilməyiblər: Rusiyanı tammiqyaslı hərbi əməliyyatlara, açıq hərbi müdaxiləyə cəlb etmək, nəticədə onu təcavüzkarlıqda günahlandırmaq və bütün dünyanı Rusiyaya qarşı birləşdirmək... Rusiyalı könüllülərin Ukraynanın cənub-şərqindəki əməliyyatlarda aşkar şəkildə iştirakına baxmayaraq, açıq şəkildə ordu yeridilməsindən söhbət getmir. Əksinə, Rusiya rəsmiləri Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini hər imkanda təkrar edirlər. 2015-ci ildə Ukrayna ərazisində Rusiyanın açıq qarşıdurmaya cəlb olunmasına hesablanmış təxribatların baş verməsi mümkündür.
 
Amma Qərb ilə Rusiya Krımın birləşdirilməsi qəbulu, Kiyevin NATO və Aİ-yə qoşulmaması, əvəzində Kiyevin separatçı bölgələrə nəzarətinin bərpası ilə bağlı razılığa da gələ bilərlər. Bəs bu cür razılaşma nə qədər gerçək və effektiv olardı?
Axı Ukrayna məsələsinə maraqları tamamilə haçalanan qüvvələr cəlb olunub. Bu münaqişənin həlli və ya dondurulması diqqətlərin digər qlobal hadisəyə cəlb olunması ilə də mümkündür.
 
Ukraynanın özü üçün bütün bu hadisələrdə Rusiyaya qarşı mübarizədə Qərbin forpostu kimi heç də yaxşı olmayan rol həvalə edilib. 2014-cü ilin son günlərində qəbul edilmiş dövlət büdcəsində sosial proqramlar və güzəştlər tamamilə ixtisar olunub. Ekspertlərin fikrincə, bu, Ukraynanı iqtisadi fəlakətdən xilas edə bilməyəcək. Ərazisində münaqişənin olması isə Ukraynaya NATO üzvü olmaq imkanı verməyəcək - əlbəttə, alyans nizamnaməsində dəyişikliyə getməsə.
 
Rusiyada da iqtisadi durum getdikcə ağırlaşacaq. Ölkə əhalisi Qərbin sanksiyaları, neftin ucuzlaşması və rublun dəyərdən düşməsinin ağırlığını, hələ ki, tam hiss etmir. Vəziyyət özünü tam çılpaqlığı ilə yazda büruzə verəcək. Məhz o zaman sosial gərginlik üçün şərait yaranacaq. Qərbin tətbiq etdiyi sanksiyalarda əsas məqsəd məhz budur. "Sanksiyaların yeganə məqsədi hakim rejimi devirməkdir", - deyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda verdiyi açıqlamasında bildirib. Hər halda, bir şey dəqiqdir ki, Rusiya və onun prezidenti üçün ağır dövr gəlir. Bu dövrdə o, həm öz komandası daxilində balansı qorumalı, həm də xarici siyasətdə son dərəcə diqqətli olmalıdır. Putin yaranmış ağır vəziyyətdən çıxmaq üçün 2 ilə ehtiyacın olduğunu bildirib. Lakin effektiv iqtisadiyyatın yaradılması üçün bu, çox azdır. Mütəxəssislər hesab edirlər ki, Putin Qərb dünyasının böhrana girəcəyi anı gözləyir.
 
Multikulturalizm modelinin iflası, sistem böhranı, Avropa İttifaqının dağılma riski - "Köhnə Qitə" bütün bu problemləri həll etməlidir. Bundan başqa, Avropa Rusiyaya tətbiq etdiyi sanksiyalardan özü də ciddi əziyyət çəkir. Ukrayna böhranı avropalıları okeanın o tayındakı tərəfdaşları ilə yaxınlaşdırıb. Bununla yanaşı, Avropada vətənpərvər siyasi partiyaların dirçəlişini də unutmaq olmaz. Onlar isə dövlətüstü strukturlara soyuq yanaşırlar. Beləliklə, Avropanın özünü də çətin dönəm gözləyir. Bu arada son siyasi hadisələrin əsas benefisiarı Çindir.
 
Kiminə müharibə, kiminə toy-bayram
 
Qədimdə Çində bir strateji prinsip var idi - rəqibi ipəkqurdunun yarpağı yediyi kimi, asta-asta yemək. İndi Çin Qərblə Rusiyanın qarşıdurmasından öz mənfəətini asta-asta, lakin ardıcıl şəkildə əldə etməkdədir, mövqelərini də getdikcə gücləndirir. Rusiya ilə çoxmilyardlıq müqavilədən, ilk növbədə, Moskva yox, Pekin udur. Hazırda Çinin mövqeləri getdikcə güclənir.
 
Pekinlə açıq qarşıdurmaya getməyə risk etməyən ABŞ dolayı yolla, üçüncü qüvvələrin vasitəsilə onun inkişafının qarşısını almağa çalışacaq. Məsələn, Vaşinqton Çinin Asiya-Sakit okean regionunda Pekinin qüdrətindən ehtiyatlanan qonşularına dəstəyi gücləndirəcək. Eyni zamanda, Çin cəmiyyətində dərin iqtisadi və sosial uçurumların olduğu sirr deyil. Ölkənin ciddi islahatlara ehtiyacı var. Çinin dünyanın müxtəlif yerlərində müxtəlif iqtisadi layihələri ayrı-ayrı yollarla sabotaj oluna bilər. Buna parlaq nümunə kimi, Nikaraqua kanalı ətrafında baş verənləri göstərmək olar. Çinin patronajı ilə kanalın inşasına başlanılan zaman ekoloqlar və yerli fermerlər buna ciddi etiraz etmişdilər.
 
Bununla yanaşı, Honkonqda ötənilki "birinci Çin xəbərdarlığı"nı da yaddan çıxarmaq lazım deyil. Onun təkrarlanacağı istisna deyil. Amma Çin üçün ən ciddi təhlükə uyğurların etnik və dini separatçılığıdır. Dünyanın müxtəlif bölgələrində cihada qalxmış qrupların tərkibində uyğurlar da döyüşür və onlar Çinə qarşı çıxmaq planlarını gizlətmirlər. Çinə qonşu olan Əfqanıstanda fəaliyyət göstərən "Taliban" hərəkatında kəşfiyyat və analitik fəaliyyətdə uyğurların mövqeyi kifayət qədər güclüdür. NATO qoşunlarının Əfqanıstanı tərk etməsindən sonra, bu ölkədə və Pakistanın şimalında "Taliban" əsas hərəkətverici qüvvəyə, Liviyadan Əfqanıstanadək böyük bir ərazidə söz sahibinə çevrilə bilər.
 
Dörd Suriya
 
Deyəsən, Liviyadan Əfqanıstanadək uzanan qeyri-sabitlik qövsü bu il daha da genişlənəcək. Alovun qonşu regionlara yayılması ehtimalı var. Hadisələrin episentri isə ötənildəki kimi, Suriya və İraq olacaq.
Bu gün Suriya 4 hissəyə bölünüb. Bu hissələrə ayrı-ayrılıqda hökumət qüvvələri, Suriya Azadlıq Ordusu, İŞİD və Suriya kürdlərinin Demokratik İttifaq Partiyası nəzarət edir. Toqquşmaların uzun-uzadı davam etməsi və ümid verməyən perspektivlər qiyamçılar arasında münaqişənin demokratik yolla həllinə tərəfdar olanların sayını artırır. Amma digər tərəfdən, onların baxışlarında və mövqelərində fərqlər də artır.
Bu il Suriya münaqişəsi böyük ölçüdə ABŞ-ın qiyamçılara necə dəstək verəcəyindən, Rusiya və İranın isə hökuməti necə dəstəkləyəcəklərindən asılı olacaq. Vəziyyətə İŞİD də əsas qüvvələrini İraq və Suriyadan çıxarmaqla təsir göstərə bilər.
Amma hər kəsin hər kəsə qarşı vuruşduğu müharibənin sonu hələ ki, görünmür.
 
Üç İraq
 
2015-ci il İraqın Heydər əl-Abadinin başçılıq etdiyi yeni hökumətinin başladığı nizamlama prosesi üçün sınaq ili olacaq. Yeni hökumət qarşıya əsas vəzifə kimi, İŞİD-lə mübarizəni qoyub. İŞİD isə artıq ölkənin üçdəbirinə nəzarət edir. İraq ərazilərinin terrorçulardan təmizlənməsi üçün genişmiqyaslı əməliyyatlara yazda başlanacağı gözlənilir. Əl-Abadinin kürdlər və sünnilərlə razılığa gəlmək istiqamətində cəhdləri də müşahidə olunmaqdadır. Ölkənin enerji resurslarının paytaxtla kürdlərin yaşadığı Ərdəbil arasında bölüşdürülməsinə dair uğurlu danışıqlar aparılır. İraqın bundan əvvəlki baş naziri Nuri əl-Malikinin dövrülə müqayisədə, yeni hökumət sünnilərə daha loyal yanaşır və bu, İŞİD-lə mübarizədə öz sözünü deyə bilər. Lakin bütün bu proseslərin başa çatdırılması üçün şübhəsiz ki, zamana ehtiyac var. Hələliksə İraqın üç hissəyə bölünmüş vəziyyətdə olduğu ortadadır: kürdlər, İŞİD-in nəzarətində olan sünnilər və şiələr.
 
İki Liviya
 
Qəddafi rejiminin devrilməsindən sonra ölkədə əhəmiyyətinə görə bərabər olan 4 qüvvə əmələ gəlib. Onlar Liviyanın müxtəlif hissələrinə nəzarət edir, orada öz qanunlarını tətbiq edirlər. Bu qüvvələr arasında dərin ziddiyyət var.
Nominal olaraq ölkəni bir-birini tanımayan iki parlament idarə edir. Onların arasında yanvarın 5-də keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb.
Bu xaosda Liviya nefti uğrunda mübarizəni görmək mümkündür. Qeyd edək ki, Liviyada neftin maya dəyəri Səudiyyə Ərəbistanında olduğundan bir qədər azdır. Analitiklərin fikrincə, bu cür neftin bazardan çıxması məhz sonuncuların marağındadır. Digər tərəfdən, neft terminallarının və rezervuarlarının kimin nəzarətində olduğu bilinmədikdə "qara qızıl"ın "qara bazar"ı haqda da danışmaq olar.
Son aylarda Liviyanın sahilyanı bölgələrinə hücumlar artıb. Söhbət "neft ayparası" adlandırılan Ras-Lanuf, Əs-Sidr, Marsa-Breqa terminallarının yerləşdiyi bölgədən gedir. Ayrı-ayrı qruplaşmalar tankerlərə də hücumlar təşkil edir, bu hücumlarda hətta hərbi təyyarələrdən belə, istifadə olunur. Liviyada bütün baş verənlər onu göstərir ki, ya burada kənar qüvvənin peyda olmasını gözləmək lazımdır, ya da qarşı-qarşıya duran qüvvələrin onlardan birinə qarşı birləşməsini.
 
Yəmən: Şimal Cənuba qarşı
 
Yəmən "ərəb baharı"nın baş verdiyi daha bir ölkədir. 2015-ci ildə burada da sabitliyin bərqərar olacağı gözlənilmir. Ölkənin şimalı ilə cənubu qarşı-qarşıya gəlib. "Ərəb baharı" zamanı devrilmiş prezident Əli Abdullah Saleh, deyəsən, şimalda yaşayan Husit şiələri ilə dil tapıb və hakimiyyətini bərpa etməyə hazırlaşır. Lakin bu halda husitlər geniş səlahiyyətlər qazanacaqlar və bu, cənubda məskunlaşmış sünniləri heç də qane etmir. Cənubluların arasında isə "Əl-Qaidə"nin mövqeləri ənənəvi olaraq, çox güclüdür. Yeni ildən dərhal sonra şiələrin mənzil-qərargahı terror hücumlarına məruz qalıb. Yaxın zamanlarda biz Yəməndə yeni vətəndaş müharibəsinin şahidi ola iblərik.
 
Səudiyyə Ərəbistanı: İran artıq yaxınlaşır
 
Səudiyyə Ərəbistanının cənub sərhədlərində Yəmən şiələrinin güclənməsi Səudiyyə rəhbərliyini narahat etməyə bilməz. Səudiyyə Ərəbistanı bu işdə "şiə İranının əli"ni görür. Həqiqətən də, şiə hökuməti vasitəsilə İraqın yarısına nəzarət edən İran Yəməndə husitlərin qələbə qazanacaqları təqdirdə, Ərəbistan yarımadasının cənubundakı bu dövləti də nəzarətə ala bilər. Bəhreyndəki etirazların yerli hakim rejimin devrilməsi ilə nəticələnəcəyi təqdirdə isə İran burada da məskən sala bilər. İranın "altılıq" ilə razılığa gəlmə perspektivi əsasən ABŞ-dan asılı olacaq. Bu razılıq əldə olunacağı və İranın sanksiyaları aradan qaldırılacağı təqdirdə isə Tehranın regionun fövqəldövlətinə çevrilmə şansı kifayət qədərdir.
Bununla yanaşı, Səudiyyə Krallığının problemi bunsuz da kifayət qədərdir. Kral Abdullanın səhhəti haqda İnternetdə ən müxtəlif xəbərlərə, hətta onun dünyasını dəyişdiyinə dair məlumatlara da rast gəlinir. Abdullanın vəfatından sonra isə varis məsələsi ortaya çıxacaq və bu, kral ailəsində daxili intriqalara yol aça bilər.
 
Sonda
 
Şərqin ən köhnə problemlərindən biri Fələstin-İsrail münaqişəsidir. Daim "soyuq" mərhələdən "qaynar" fazaya və əksinə keçən bu münaqişəyə 2015-ci ildə 2 amil öz təsirini göstərəcək: Fələstinin müstəqil dövlət kimi tanınması məsələsində dünya birliyinin mövqeyi və İsraildə martda keçiriləcək parlament seçkisi. İsrailin Baş naziri Benyamin Netanyahu bu seçkiyə seçicilərin mütləq əksəriyyətinin dəstəyini qazanmaq və hökumət üzərində tam nəzarəti ələ almaq niyyəti ilə gedib.
Onun əsas rəqibləri olan Sipi Livni və İshak Hersoq isə birlikdə sol-mərkəzçi blok yaradıblar. Onlar bu yolla seçkidə solçuların mütləq qələbə qazanmasına nail olmağa çalışırlar. Netanyahunun reytinqi aşağı düşəcəyi təqdirdə, İsraildə müxtəlif terror aktları və yeni toqquşmalar gözləniləndir.
Bu gün qlobal dünya siyasətinin natamam mənzərəsi və yaxın gələcək üçün bəzi proqnozlar bundan ibarətdir. Onların özünü nə qədər doğruldacağını zaman göstərəcək. İstənilən halda, bizi maraqlı, siyasi olaylarla dolu bir il gözləyir.
 













Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR