"SpaceX" şirkəti "Starship" raketinin beşinci sınaq uçuşunu uğurla başa çatdırıb.
Metbuat.az xəbər verir ki, "SpaceX" kosmik kəşfiyyat texnologiyasında mühüm mərhələ sayılan "Starship" raketinin növbəti uğurlu sınağını həyata keçirib. Təxminən 121 metr hündürlükdəki boş "Starship" raketi Texasın cənubundan Meksika sərhədinə yaxın ərazidən qalxıb. Federal Aviasiya İdarəsi (FAA) bu sınaq üçün dəyişdirilmiş buraxılış lisenziyasını noyabr ayının sonlarına qədər verməyi gözləsə də, şənbə günü gözlənilməz şəkildə icazəni təsdiqləyib.
“SpaceX” həmçinin ilk dəfə olaraq “Super Heavy” daşıyıcı raketinin Yerə nəzarətli qayıdışını həyata keçirməyə nail olub. Təxminən səkkiz dəqiqədən sonra raket 100 km-dən çox yüksəklikdən enib və Boka-Çika kosmodromunun (Texas ştatı) meydançasında quraşdırılmış xüsusi “Mechazilla” platformasına yumşaq eniş edib.
Qeyd edək ki, "Super Heavy" daşıyıcı raketi və onun 33 raptor mühərriki orbitə 200 tondan artıq yük daşıya bilir.