“Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib.
Metbuat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.
Dəyişikliyə əsasən, Azərbaycan Milli Məclisi, İnsan hüquqları üzrə müvəkkil (ombudsman), Azərbaycan məhkəmələri, Xarici İşlər Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Miqrasiya Xidməti, habelə bu Əsasnamənin 2.10-cu bəndi nəzərə alınmaqla Azərbaycan Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Dövlət Gömrük Komitəsi və Baş Prokurorluq dövlət icbari şəxsi sığortası ilə bağlı Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan sənədlərin rəsmiləşdirildiyi gün həmin sənədlərdəki məlumatları “Dövlət icbari şəxsi sığorta” altsisteminə daxil etməlidirlər.
Həmçinin, Azərbaycan Baş Prokurorluğuna tövsiyə olunur ki, “Dövlət sirri haqqında” Azərbaycan Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanların dövlət icbari şəxsi sığortası ilə bağlı Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan sənədləri rəsmiləşdirildiyi gündən sonra 5 (beş) iş günündən gec olmayaraq kağız və elektron daşıyıcıda Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim etsin.