İçərişəhərdə COP29 zamanı ziyarətçilərə uzadılmış iş saatlarında xidmət göstəriləcək

11-23 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində İçərişəhərin muzeyləri və təqdim olunan turizm xidmətləri qonaqlar üçün uzadılmış iş rejiminə uyğun olaraq fəaliyyət göstərəcək.

Bu barədə Metbuat.az-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Bildirilib ki, Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Bəylər məscidi, Yeraltı hamam və Bakı Fotoqrafiya Evi göstərilən tarixlərdə 10:00-dan 22:00-dək turistlərin ziyarətinə açıq olacaq.

Eləcə də, Turist Məlumat Mərkəzi həmin tarixlərdə 10:00-dan başlayaraq, saat 22.00-dək ziyarətçilərə aşağıdakı xidmətləri təqdim edəcək:

* Piyada və elektromobil ilə qrup və ya fərdi turlar;

* İçərişəhərin tarixi məkanlarını daha yaxından öyrənmək istəyən qonaqlar üçün müxtəlif dillərdə bələdçi xidməti.

Qədim sənətkarlıq növlərinin yaşadılıb-öyrədildiyi “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin emalatxanası hər gün 09:00-dan 18:00-dək açıq olacaq. Sərgi salonunun iş saatları isə tədbir günlərində 09.00-22.00 əhatə edəcək.

Azərbaycanın görkəmli rəssamı Tahir Salahovun ev-muzeyi COP29 günlərində saat 09.00-dan 18.00-dək fəaliyyət göstərəcək.

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə daxil olan Qala qəsri, Açıq səma altında muzey, “Tullantıdan sənətə” muzeyi COP29 günlərində saat 10.00-18.00 arası fəaliyyət göstərəcək. Əlavə olaraq, beynəlxalq tədbirin qonaqları üçün xüsusi turlar təşkil olunacaq.

Ətraflı məlumatı Turist Məlumat Mərkəzindən əldə etmək olar - 012 505 94 15.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı