"Gələn ildən etibarən mədəniyyət sektoruna vergi güzəştləri tətbiq ediləcək".
Metbuat.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında məlumat verib.
Deputatın sözlərinə görə, məqsəd bu sektora daha çox sərmayə cəlb etmək və inkişafını stimullaşdırmaqdır.
"Dəyişikliklər xərclərin azalmasına və xidmət qiymətlərinin düşməsinə səbəb ola bilər. Yeniliklərə əsasən, mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam azadolma, mənfəət (gəlir) vergisindən isə 90 faiz güzəşt tətbiq ediləcək. Bundan əlavə, mənfəət (gəlir) vergisi üzrə mövcud 75 faiz güzəşt 90 faizə qaldırılır", - deyə Bayramov bildirib.
Güzəştlərdən faydalanan subyektlərin sayı artırılaraq teatr, muzey, simfonik orkestr və film prodüseri kimi sahələr də bu siyahıya əlavə olunub.
Ən vacib yeniliklərdən biri də ƏDV-nin geri qaytarılması ("ƏDV cashback") sisteminin tətbiqidir. Nağdsız qaydada ödənilən biletlərə görə teatr tamaşaları, film nümayişləri, muzey ziyarətləri və simfonik orkestr konsertləri üzrə ƏDV-nin 50 faizi geri qaytarılacaq.