"Matçtda qələbə qazanmaq və ya məğlub olmaq olar. Lakin "Fənərbaxça" bu gün azarkeşini itirdi. Bu daha pisdir, daha böyük problemdir".
Metbuat.az xəbər verir ki, bu sözləri futbol şərhçisi İlker Yağcıoğlu "Fənərbaxça"nın doğma meydanda "Atletik Bilbao"ya 2-0 uduzduğu matçı şərh edərkən deyib.
Bəs həmin matçda nə baş verib?
Fənərbaxçalı azarkeşlər "Atletik Bilbao"nun 5-ci dəqiqədə vurduğu ilk qolda Samet Akaydinin ötürməsinin qısa olmasına görə milli futbolçuya etirazlarını bildirib. Samet Akaydının qısa ötürməsindən sonra topu ələ keçirən Quruzeta ötürmə edərək Inaki Vilyams qol vurub. Qoldan sonra azarkeşlər Akaydının ayağına top gəldikdə fitə tutaraq öz etirazlarını bildiriblər. Bu reaksiyalardan sonra 16 və 19-cu dəqiqələrdə tribunalarda "Sevgili Fənərbaxçalılara xahiş edirik bütün futbolçularımızı dəstəkləyək" elanları edilib. Qapı arxasında olan fənərbaxçalı azarkeşlər isə futbolçuları fitə tutan tribunalara qarşı etirazlarını bildiriblər.
Tribunalarda istefa səsləri
Baş məşqçi Mourinyo Samet Akaydını ikinci hissədə meydana çıxarmayıb, yerinə Çağlar Söyüncü’yü oynatmağa qərar verib.
Matçın gedişatında fənərbaxçalı azarkeşlər klub prezidenti Ali Koçu istefaya çağırıb. Mert Müldürün qırmızı kart gördüyü epizoddan sonra tribunalardan artan etirazlar "Ali Koç istefa" şüarları ilə davam edib. Daha sonra azarkeşlər əvvəlki prezident Aziz Yıldırımın lehinə şüarlar səsləndirib. Final fitindən sonra da istefa şüarları davam edib.