Suriyanın keçmiş prezidenti Bəşər Əsəd ölkəni yalnız dekabrın 8-də axşam saatlarında tərk etdiyini açıqlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə Əsədin dəftərxanasının X sosial şəbəkə hesabında bəyanat yayılıb.
Bəyanatda qeyd olunub ki, Bəşər Əsəd Suriyada baş verən hadisələr zamanı istefa vermək və ölkədən qaçmaq fikrini heç vaxt düşünməyib:
“Silahlılar Dəməşqə girəndə, Əsəd hərbi əməliyyatları izləmək və rusiyalı müttəfiqlərlə koordinasiya üçün Latakiyaya gedib. Hmeymim bazasına çatdıqda isə hökumət qoşunlarının tamamilə geri çəkildiyini və son mövqelərin itirildiyini anlayıb. Dekabrın 8-də axşam saatlarında Moskvanın təşkil etdiyi təxliyə ilə ölkəni tərk edib”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, dekabrın 8-də Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvaya sığınıb.