Dünən Prezident İlham Əliyev həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşüb. Görüş zamanı Prezidentin rus dilindən istifadə etməsi diqqət çəkib.
Bir çoxları bunu protokoldan kənar və rus hökümətinə mesajlar ötürülməsi kimi dəyərləndirib.
Politoloq Natiq Miri Metbuat.az-a açıqlamasında bildirib ki, əslində, bu, protokol pozuntusu deyildi:
“Çünki Azərbaycan prezidenti öz vətəndaşını qəbul etmişdi və həmin vətəndaşın mənsub olduğu millətin dilində danışması dolayısı ilə bir dövlət başçısının öz vətəndaşına, onun mənsubiyyətinə nə qədər hörmətlə yanaşdığının bariz nümunəsidir. Çünki Azərbaycan bəzən Avropa ölkələrindən, Böyük Britaniyadan, Amerika Birləşmiş Ştatlarının dövlət nümayəndələrini, diplomatları qəbul edir və onlarla da ingilis dilində danışır. Yəni bu, bir məcburiyyət deyil, ancaq eyni zamanda, həm də həmin dilə hörmət deməkdir”.
N.Miri qeyd edib ki, təyyarə qəzasının baş verdiyi məkan Rusiyadır və bəzi Rusiya rəhbərliyinə, nümayəndələrinə məhz öz dillərində mesajın verilməsi bütün bəhanələri dolayısı ilə ortadan qaldırır:
“Açıq mesaj rus dilində Rusiya rəhbərliyinə çatdırılır ki, Azərbaycan dövlətinin gözləntiləri bunlardır və bu, beynəlxalq hüquqa uyğun bir davranışdır. Ayrıca, 2022-ci ilin fevral ayında Azərbaycanla qarşılıqlı fəaliyyət müttəfiqlik sənədi imzalanıb. Yəni Azərbaycan bu sənədin də sadəcə bir kağız parçası olması məsələsini də istisna edir. Yəni Azərbaycan bu məsələlərə üzərinə götürdüyü öhdəliyə atdığı imzaya ciddi və hörmətlə yanaşır, eyni şeyi qarşı tərəfdən tələb edir.
Bu, dolayısı ilə həm də Rusiyaya mesajdır ki, bəzən Rusiya Birləşmiş Ştatları ilə danışıqlarda bərabər hüquqdan danışır, qarşılıqlı hörmətdən danışır və bəzən şikayət edir ki, Amerika Rusiyaya qarşılıqlı və ya bərabərhüquqlu səviyyədə yanaşmır. Bir sözlə, Rusiyaya xatırlatmadır ki, Rusiya da özündən balaca hesab etdiyi ölkələrə bərabərhüquqlu səviyyədə yanaşmır, ölkələrlə təzyiq dilində danışır. Verilən mesaj isə budur ki, ortada konkret sənəd var. Həqiqətən də qarşılıqlı fəaliyyətdə müttəfiqlik mütləq mənada nəzərə alınırsa, Azərbaycana uyğun davranış başqa cür olmalıdır. Bu gözləntilər nəzərə alınacaq və Azərbaycan - Rusiya münasibətlərinin gələcəyini müəyyən edəcək”.
Sevinc İbrahimzadə / Metbuat.az