Moskva, 8 iyun, AZƏRTAC
“Nezavisimaya qazeta” Aleksandr Malışevin “Çoxmillətli Bakı bütün Avropadan atletlər gözləyir” sərlövhəli məqaləsini dərc edib.
Qəzet yazır ki, qarşıdakı Oyunlar çoxmillətli və çoxkonfessiyalı əhalisi olan Azərbaycanın öz zəngin mədəniyyətini, ənənələrinin müxtəlifliyini və tolerantlığını dünyaya göstərməsi üçün daha bir fürsət olacaq.
Müəllif yazır: “Azərbaycan azərbaycanlı əhalinin üstünlük təşkil etdiyi dövlətdir, amma ölkəni monoetnik adlandırmaq olmaz. Burada ləzgilər, avarlar, talışlar, tatarlar, türklər və çoxlu başqa xalqlar, o cümlədən çox böyük rus icması yaşayır. Azərbaycanda təqribən 120 min rus var. Onları Rus Pravoslav Kilsəsi və Rus İcması birləşdirir. Rus İcmasının sədri, Azərbaycan parlamentinin deputatı Mixail Zabelin vurğulayır ki, təşkilata üzvlük rəsmi deyil. Bu qurum milliyyətindən asılı olmayaraq, rus ənənələrini bölüşən hər kəsi birləşdirir”.
Mixail Zabelin deyib: “Sovet İttifaqı dağılanda ruslar yanıma gəlib nə edəcəklərini, - getsinlərmi, yoxsa qalsınlarmı, - deyə soruşurdular. Çox mürəkkəb bir dövr idi. Ruslara düşdükləri şəraitə uyğunlaşmaqda kömək etmək lazım gəlirdi. Birinci vəzifə rus məktəblərini, rus dilini və ənənələrini qoruyub saxlamaq idi. Yaxşı ki, 1993-cü ildə hakimiyyətə Heydər Əlirza oğlu Əliyev gəldi. O, bizi başa düşdü, dəstəklədi, mərkəzimiz üçün yer ayırdı. Hazırkı Prezident İlham Heydər oğlu Əliyev elə həmin siyasəti yeridir, əvvəllər xalqlar arasında dostluq, indi isə tolerantlıq və multikulturalizm adlandırılan dəyərləri dəstəkləyir”.
Azərbaycandakı ruslar bildirirlər ki, həmvətənlərin könüllü olaraq Rusiyaya köçürülməsi proqramına respublikada sadəcə ehtiyac yoxdur. Rus İcması şurasının sədr müavini Yuri Zenin deyib: “Mən köçürülmə məsələsi ilə bağlı forumda iştirak etmək üçün tezliklə Düşənbəyə gedəcəyəm və orada deyəcəyəm ki, bizdə belə bir problem yoxdur – bizdə insanlar Rusiyaya köçmək istəmirlər. Əgər insan burada yaxşı və rahat yaşayırsa, milli əlamətə görə təqib olunmursa, onun inkişafına, mədəniyyətinə və ənənələrinə riayət etməsinə, dini etiqadını qoruyub saxlamasına imkan yaradılırsa, onda nə üçün köçüb getməlidir. Bakıda üç kilsə fəaliyyət göstərir, özü də onlar dövlət tərəfindən bərpa edilib”.
M.Zabelin sözünə davam edərək deyir: “Mən, rus millətindən olan şəxs, bazara gəlib, Azərbaycan dilində danışıram, mənə rus dilində cavab verirlər. Şəhərin hər yerində rusca danışırlar və dilimizin mövqeyi çox möhkəmdir. Respublikanın hakimiyyət orqanları başa düşürlər ki, bu, bir sərvətdir, dil çərçivələrinin məhdudlaşdırılması, yalnız bir dilin saxlanılması istənilən ölkənin mədəniyyətini yoxsullaşdırır. Bəzi ölkələrdə məxsusi olaraq ingilis və fransız dillərini yeridirlər, amma rus dilində çox böyük kitab, jurnal, kino və arxiv bazası varsa, burada hər hansı başqa dili axtarmağa ehtiyac varmı?”
Rus Mədəniyyət Mərkəzinin direktoru Qalina Manafova qeyd edir: “Sovet dövründə azərbaycanlılar tarix və mədəniyyətlərini rus dili vasitəsilə də öyrənirdilər. Rusiyada çoxlu azərbaycanlının yaşamasını, yaxud işləməsini də unutmaq olmaz”.
İndi Azərbaycanda 16 rus və 356 qarışıq məktəb, respublikanın bütün ali məktəblərində rus dilində fakültələr var. Həmin fakültələrdə 16 mindən çox tələbə təhsil alır.
Rus İcmasından başqa, yəhudi icması da Azərbaycanın ən mütəşəkkil icmalarından biridir. Bu icma üç qrupdan – dağ, gürcü və aşkenazi yəhudilərindən ibarətdir. Bütövlükdə təxminən 16 min insan yəhudi dininə etiqad edir. Dağ yəhudilərinin ən böyük yaşayış məskəni olan Qırmızı Qəsəbə isə Rusiyaya “Forbs”un siyahısında yer almış bir neçə iş adamı bəxş edib.
Azərbaycanın və Bakının tarixində çox əsrlər bundan əvvəl öz rolunu oynamış və yoxa çıxmış, lakin hələ də unudulmayan icmalar var. Onlar min ildən də çox əvvəl bu regionda yaşamış zərdüştilərdir. Atəşgah qədim məbəddir. Burada yerin təkindən çıxan təbii qaz alova çevrilir, ondan öz ayinlərində istifadə edən zərdüştiləri bura cəlb edirdi.
İslamın Azərbaycanda əsas din olmasına baxmayaraq, belə bir muzeyin fəaliyyəti heç kəsə lüzumsuz görünmür. Muzeyin əməkdaşları deyirlər: “Bu, bizim tariximizdir. Onu qəbul etməmək yaxud unutmaq qəribə olardı. Azərbaycanda tarixin aramsız silsiləsinin bağlarını qırmamağa çalışırlar. Ölkənin Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının məşəlini məhz burada alovlandırıb. Respublikanın 60 regionuna səyahətini başa vuran məşəl iyunun 12-də keçiriləcək açılış mərasimi üçün Bakıya gətirilib. Həmin gündən etibarən milliyyətindən və dini etiqadından asılı olmayaraq, respublikanın, Avropanın, bütün dünyanın sakinləri Azərbaycanın paytaxtında idman yarışlarını izləyəcəklər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva