Havaların qızması ilə günəş şüalarına məruz qalma halları da artır. Mütəxəssislər isti havalarda günəşdən qorunmağın vacib olduğunu bildirirlər. Əks halda bu, insan sağlamlığı üçün təhlükəli fəsadlar, o cümlədən günvurma ilə nəticələnə bilər. Bəs belə hallarda ilk tibbi yardım necə göstərilməlidir?
Tibb üzrə ekspert, həkim Adil Qeybulla Metbuat.az-a açıqlamasında bildirib ki, günvurma və istivurma eyni vaxtda baş versə də, fərqli anlayışlardır. Onun sözlərinə görə, günvurma birbaşa günəş şüalarına məruz qalmaq nəticəsində yaranırsa, istivurma həm günəş altında, həm də qapalı və isti mühitdə də baş verə bilər:
“Günvurma əsasən günəşin, xüsusilə ultrabənövşəyi şüalarının düz bucaqda düşdüyü vaxtlarda təsiri ilə yaranır. İstivurma isə bədənin istiliyi tənzimləmə funksiyasının pozulması ilə əlaqəlidir. Hər iki halda əsas əlamətlərə təzyiqin enməsi, rəngin solması, bədənin soyuq tərlə örtülməsi, başgicəllənmə və huşun itməsi daxildir. Bu əlamətlər müşahidə olunarsa, şəxsi dərhal sərin yerə aparmaq, başına yaş dəsmal qoymaq və bədənini sərin su ilə silmək lazımdır. Məqsəd bədənin səthi temperaturunu aşağı salmaqdır. Sonrakı mərhələlər isə günəşə nə qədər məruz qalma və vəziyyətin ağırlıq dərəcəsinə uyğun müəyyənləşdirilir”.
Həkim əlavə edib ki, xüsusilə günorta saatlarında birbaşa günəş şüaları altında qalmaq və bu vaxt çimərliyə getmək məsləhət deyil:
“Orqanizm əvvəlcə istivurmaya qarşı müdafiə mexanizmləri ilə reaksiya verir, lakin bu mexanizmlər bir nöqtədən sonra zəifləyir və bədəndə geridönməz dəyişikliklər başlayır. Bu səbəbdən ilk tibbi müdaxilə həyati əhəmiyyət daşıyır və həkim yardımı qədər önəmlidir”.
Sevinc İbrahimzadə / Metbuat.az