Şüyüd əsrlərdir həm mətbəxdə, həm də xalq təbabətində istifadə olunan ən faydalı bitkilərdən biri hesab olunur. Həkimlər və fitoterapevtlər bu bitkinin bir çox sağlamlıq probleminə qarşı təsirli olduğunu bildirirlər.

Metbuat.az xəbər verir ki, mütəxəssislər qeyd edirlər ki, şüyüd həzmi yaxşılaşdırır, mədə ağrısı, qaz və köp problemlərini aradan qaldırmağa kömək edir. Xüsusilə körpələrdə qaz sancılarını azaltmaq üçün şüyüd çayının istifadəsi geniş yayılıb.

Bundan başqa, şüyüd güclü sidikqovucu təsirə malikdir. Orqanizmdə yığılan artıq su və toksinlərin təmizlənməsində böyük rol oynayır. Həkimlər onu böyrəklərin sağlam işləməsi üçün də tövsiyə edirlər.

Tənəffüs yolları infeksiyalarında da effektiv olan şüyüd, öskürək və boğaz ağrısını yüngülləşdirir. Yuxusuzluqdan əziyyət çəkənlər üçün isə təbii bir sakitləşdirici hesab olunur.

Fitoterapevtlər bu bitkinin gündəlik rasionda təzə halda salatlara əlavə olunmasını və ya çay şəklində qəbulunu tövsiyə edirlər. Onların fikrincə, şüyüd həm bədəni gücləndirir, həm də immun sistemini möhkəmləndirir.

Mütəxəssislər qeyd edir ki, təbiətin bizə bəxş etdiyi bu sadə bitki, düzgün istifadə olunduqda bir çox xəstəliklərin qarşısını almaqda yardımçı ola bilər.