Dövlət Sərhəd Xidmətində 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə anım tədbirləri keçirilib

Dövlət Sərhəd Xidmətində 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə anım tədbirləri keçirilib
10:22 20 Yanvar 2015
113 Sosial
Ölkə mətbuatı
A- A+

[ 20 Yanvar 2015 10:16 ]


Bakı – APA. Dövlət Sərhəd Xidməti (DSX) Aparatında və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində Milli Məclisin deputatlarının, Bakı Şəhər İcra Hakimiyyəti nümayəndələrinin və mədəniyyət işçilərinin iştirakı ilə 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə anım tədbirləri keçirilib.

 

DSX-nın Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, öncə tədbir iştirakçıları faciənin ildönümü münasibəti ilə hazırlanmış sərgilərə tamaşa ediblər.

 

Tədbirlərin rəsmi hissəsində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Anım mərasimlərində DSX rəisinin müavini, general-mayor Azad Ələkbərov, millət vəkilləri Musa Qasımlı, Aydın Mirzəzadə, Gülçöhrə Məmmədova çıxış edərək xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələri barədə ətraflı məlumat veriblər.

 

Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayət Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib, əksinə milli azadlıq mübarizəsini daha da gücləndirib. Faciədən sonra ulu öndər Heydər Əliyevin böyük cəsarət və milli qeyrət nümayiş etdirərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə kəskin etiraz bildirməsi, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etməsi xüsusi vurğulanıb.

 

Qanlı yanvar hadisələrinə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymətin də yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyi qeyd edilib. Onun siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən Azərbaycanın azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiramın göstərilməsi, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının daha da artırılması məqsədilə mühüm qərarların qəbul olunması haqqında ətraflı məlumat verilib.

 

Tədbirlərdə xalq artistləri Flora Kərimova və Mübariz Tağıyevin ifasında şəhidlərin xatirəsinə həsr olunmuş mahnılar səsləndirilib, 20 yanvar mövzusunda ədəbi-bədii kompozisiyalar və sənədli filmlər nümayiş etdirilib.

 

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR