Azərbaycan sərmayələrin təşviqi və qarşılıqlı qorunması üzrə saziş layihəsini Yaponiya tərəfinə təqdim edib

Azərbaycan sərmayələrin təşviqi və qarşılıqlı qorunması üzrə saziş layihəsini Yaponiya tərəfinə təqdim edib
13:24 20 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Yaponiya xarici işlər nazirinin müavini Minoru Kiuçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini qeyd edib, əməkdaşlığın genişlənməsində dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin mühüm əhəmiyyətini vurğulayıb. İndiyədək müxtəlif sahələrdə əməkdaşlıq üzrə 17 sənəd imzalanıb, müqavilə-hüquq bazasının formalaşdırılması işləri davam etdirilir. Hazırda Azərbaycanda 19 Yaponiya kapitallı şirkət fəaliyyət göstərir. Bildirilib ki, “Azərbaycan Hökuməti və Yaponiya Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”in imzalanması iqtisadi əlaqələrin gələcək inkişafı baxımından əhəmiyyətlidir və bu sahədə işlərin sürətləndirməsi məqsədəuyğundur. Artıq saziş layihəsi Yaponiya tərəfinə təqdim edilib.

Azərbaycanın təbii ehtiyatlarla zəngin ölkə olduğunu qeyd edən nazir Ş.Mustafayev ölkəmizdə dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edəcək polad istehsalı kompleksinin yaradıldığını, bu sahədə Yaponiya təcrübəsinin faydalı olacağını bildirib. Artıq İqtisadiyyat və Sənaye Nazirliyi ilə Yaponiyanın “Marubeni Corporation” şirkəti arasında müqavilə imzalanıb və şirkət Azərbaycan tərəfinə məsləhət xidməti göstərir. Bununla yanaşı, Azərbaycanda sənaye parklarının, o cümlədən Sumqayıt Kimya Sənaye Parkının təşkili istiqamətində işlər aparılır.

Ş.Mustafayev sənaye parklarında Yaponiya şirkətlərinin iştirakı və bu sahədə təcrübə mübadiləsi, həmçinin kimya sahəsində əməkdaşlıq imkanlarını Yaponiya tərəfinin diqqətinə çatdırıb. Bununla yanaşı, maşınqayırma, əczaçılıq, qida sənayesi, alternativ enerji, informasiya texnologiyaları, turizm sahələrində də əməkdaşlıq imkanlarının olduğu bildirilib, Yaponiya şirkətləri əməkdaşlığa dəvət edilib.

Görüşdə nazir Azərbaycan iqtisadiyyatı, ölkəmizin qazandığı uğurlar barədə məlumat verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini diqqətə çatdırıb.

Yaponiya xarici işlər nazirinin müavini M.Kiuçi Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkələrimiz arasında əlaqələrin inkişafında Yaponiya tərəfinin maraqlı olduğunu vurğulayıb. Azərbaycan iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun inkişafının onda yüksək təəssürat yaratdığını qeyd edən nazir müavini bundan sonra da Azərbaycan-Yaponiya əlaqələrinin inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın bir sıra sahələri üzrə müzakirələr aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR