“Ağ göyərçin”in qara Yanvarı

14:48 20 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, Z.Mansurova, AzərTAc
Yanvarın 20-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın 20 Yanvar faciəsinə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası nümayiş etdirilib.
AzərTAc xəbər verir ki, tamaşadan əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov, baş rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanov və başqaları çıxış edərək Bakıdakı orta məktəblərin şagirdləri olan tamaşaçılara, yeniyetmələrə qara Yanvar hadisələri haqqında məlumat veriblər.
Çıxış edənlər 20 Yanvarın tarixə təkcə hüzn günü deyil, həm də müstəqilliyə aparan yolun başlanğıcı kimi düşdüyünü bildiriblər.
Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na uyğun olaraq təqdim olunub.
İki saata yaxın davam edən iki hissəli tamaşa iki gəncin - Aqillə Turanın saf və nakam məhəbbətini tərənnüm edir. Aqil 1990-cı ilin 20 Yanvar hadisələri zamanı həlak olur. Turan isə Aqilin digər qadından olan oğlunun təlim-tərbiyəsini öz üzərinə götürür, itirdiyi sevgilisinin anasını tək qoymur.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, tərtibatçı rəssamı Gürcüstanın Tumanaşvili adına Teatrının baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.
Səhnə əsərində əsas obrazları əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Günel Məmmədova, Mirzəağa Mirzəyev və başqaları canlandırıblar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR