Türkiyə Super Liqasında transfer gündəmi yenidən böyük səs-küyə səbəb olacaq iddia ilə çalxalanıb. Məhəmməd Salah transferi ilə diqqətləri üzərinə çəkən “Trabzonspor”un dünya futbolunun məşhur hücumçularından biri olan Kərim Benzemanı heyətinə qatmaq üçün hərəkətə keçdiyi bildirilir.
Metbuat.az Türkiyə mediasına istinadla xəbər verir ki, “Trabzonspor” Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən 38 yaşlı fransalı hücumçu ilə bağlı rəsmi təmaslara başlayıb. İddialara əsasən, “Əl-Hilal” ilə transfer danışıqları zamanı Benzema “Trabzonspor”a təklif olunub və bundan sonra klub rəhbərliyi fransalı ulduzla əlaqə saxlayıb.
Danışıqların detalları açıqlanmır.
Kərim Benzema uzun illər “Real Madrid”də çıxış edib və İspaniya klubunun heyətində 5 dəfə UEFA Çempionlar Liqasının qalibi olub. O, 2021/22 mövsümündə turnirin bombardiri seçilib, 2022-ci ildə isə karyerasının ən böyük fərdi uğuruna imza ataraq “Qızıl top” mükafatını qazanıb.
Benzemanın “Əl-Hilal”la 2027-ci ilə qədər müqaviləsi var. Onun “Trabzonspor”a mümkün transferi rəsmiləşərsə, bu, Türkiyə futbolunda son illərin ən diqqətçəkən keçidlərindən biri olacaq. Hazırda isə tərəflər arasında danışıqların hansı mərhələdə olduğu və transferin reallaşıb-reallaşmayacağı ilə bağlı rəsmi açıqlama yoxdur.