“ChatGPT” üçün “Apple Mesajlar” tətbiqinə yeni əlavə təqdim olunub. Funksiya süni intellektə köhnə yazışmaları axtarmaq, mesaj hazırlamaq və istifadəçinin adından mesaj göndərmək imkanı verir.
Metbuat.az xəbər verir ki, yeni əlavə vasitəsilə istifadəçilər uzun yazışmalar arasında müəyyən mesajı və ya məlumatı axtara biləcəklər. “ChatGPT” həmçinin daxil olan mesajları təhlil edərək cavab variantları hazırlaya biləcək.
Funksiyanın ən diqqətçəkən imkanlarından biri isə mesaj göndərməkdir. İstifadəçi “ChatGPT”dən müəyyən şəxs üçün mesaj hazırlamasını və göndərməsini istəyə bilər. Sistem mesajları silə də biləcək.
“OpenAI” bununla belə, avtomatik göndəriş funksiyasından istifadə zamanı ehtiyatlı olmağı tövsiyə edir. Şirkət istifadəçiyə mesaj göndərilməzdən əvvəl məzmunu son dəfə yoxlamağı məsləhət görür.
Yeni funksiya məxfilik məsələlərini də gündəmə gətirib. “OpenAI” bildirir ki, əlavə istifadəçinin cihazında yerli şəkildə işləyir və bütün mesajları əhatə edən ayrıca indeks yaratmır.
Beləliklə, “ChatGPT” “Apple Mesajlar”da sadəcə mesaj yazmağa kömək edən vasitə olmaqdan çıxaraq yazışmaları axtaran, redaktə edən və istifadəçinin icazəsi ilə mesaj göndərən süni intellekt köməkçisinə çevrilir.