Avropada ev sahibi olmaq istəyənlər üçün maraqlı imkanlar mövcuddur. Mənzil qiymətlərinin yüksək olduğu qitədə bəzi yaşayış məntəqələrində boş və baxımsız qalmış evləri simvolik məbləğə almaq mümkündür.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, Avropanın bəzi ölkələrində uzun müddət istifadə olunmayan evlərin hətta 1 avroya (2 manat) satışa çıxarılması ilə bağlı layihələr həyata keçirilir.

Bu təşəbbüslərin əsas məqsədi əhalisi azalan yaşayış məntəqələrinə yeni sakinlər cəlb etmək və tərk edilmiş evləri yenidən istifadəyə qaytarmaqdır. Buna görə də həmin evlər bazar qiymətindən xeyli aşağı məbləğə, bəzi hallarda isə simvolik qiymətə təklif olunur.

Lakin 1 avroya ev almaq onun tamamilə xərcsiz əldə edilməsi demək deyil. Belə evlərin əksəriyyəti uzun müddət baxımsız qaldığından ciddi təmirə ehtiyac duyur. Alıcıdan müəyyən müddət ərzində binanı bərpa edərək yaşayış üçün yararlı vəziyyətə gətirmək tələb olunur.

Bəzi proqramlarda ev sahibinin təmir planını və görüləcək işlərlə bağlı sənədləri təqdim etməsi də şərt kimi qoyulur. Müddət və digər tələblər isə layihənin həyata keçirildiyi yaşayış məntəqəsindən asılı olaraq dəyişir.

Bu təkliflərin diqqət çəkməsinin əsas səbəbi isə qiymətdir. Adi bazar şərtlərində ev almağın kifayət qədər baha başa gəldiyi Avropada 1 avro (2 manat) kimi simvolik məbləğ insanlarda böyük maraq yaradır.

Bununla belə, belə layihələrə yalnız satış qiymətinə əsaslanaraq yanaşmaq düzgün deyil. Evin təmiri ilə yanaşı, vergilər, sənədləşmə, kommunal xidmətlər və digər xərclər də alıcının öhdəsinə düşür. Nəticədə evin ilkin satış qiyməti çox aşağı olsa da, onun bərpası üçün tələb olunan vəsait kifayət qədər yüksək ola bilər.

Layihələr vasitəsilə həm boş qalmış evlərin yenidən istifadəyə verilməsi, həm də əhalisini itirən yaşayış məntəqələrinin canlandırılması hədəflənir. Yeni sakinlərin gəlişi həmin ərazilərdə iqtisadi və sosial fəallığın artmasına da şərait yaradır.