Qarşıda duran əsas hədəflərdən biri mövcud xidmətlərin rəqəmsallaşdırılmasını daha da genişləndirmək, məlumatların əlçatanlığını və informasiya sistemləri arasında effektiv mübadiləni təmin etməkdir.

Metbuat.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov bildirib. Sədr vurğulayıb ki, Azərbaycanda rəqəmsallaşma istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bir sıra xidmətlərin elektron formada təqdim edilməsi təmin olunub və rəqəmsal xidmətlərdən istifadə edənlərin sayı 4 milyona yaxınlaşıb.

Onun sözlərinə görə, rəqəmsallaşma prosesində aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlığa xüsusi önəm verilir. Müvafiq tədbirlər birgə müəyyənləşdirilir, təsdiqlənir və onların icrası koordinasiyalı şəkildə həyata keçirilir.

O vurğulayıb ki, müasir rəqəmsal texnologiyalardan istifadə proseslərin daha optimal təşkilinə, vaxta və resurslara qənaət edilməsinə, eləcə də fəaliyyətin səmərəliliyinin yüksəldilməsinə imkan verir.

Agentlik sədri informasiya sistemlərinin qarşılıqlı inteqrasiyasını da əsas istiqamətlərdən biri kimi göstərib. Onun sözlərinə görə, vahid və strateji yanaşmanın formalaşdırılması, layihələrin icrasının sürətləndirilməsi, yerli məhsul və xidmətlərin xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Fərid Osmanov, həmçinin yerli bilik və bacarıqlara malik insan kapitalının inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, həyata keçirilən və nəzərdə tutulan birgə layihələr, eləcə də əldə olunacaq razılaşmalar ölkədə rəqəmsal ekosistemin inkişafına ciddi töhfə verəcək.