Azərbaycanda startaplara və vençur layihələrinə investisiyaların cəlb edilməsini asanlaşdıracaq yeni hüquqi mexanizmlər formalaşdırılıb.

Metbuat.az xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Korporativ hüquq şöbəsinin müdiri Türkan Hacıyeva bildirib ki, vençur fondlarının startaplara investisiya yatırması üçün SAFE (Simple Agreement for Future Equity) və konvertasiya olunan qiymətli kağızlar kimi çevik maliyyə alətlərinin hüquqi bazası yaradılıb.

Onun sözlərinə görə, SAFE mexanizmi xüsusilə fəaliyyətinin ilkin mərhələsində olan və hələ investora təqdim edə biləcəyi səhm və ya payı formalaşmayan startaplar üçün əhəmiyyətlidir.

Bu mexanizm investorun yatırdığı vəsait müqabilində gələcəkdə müəyyən şərtlər baş verdikdə startapda səhm, pay və ya digər əmlak hüquqları əldə etməsinə imkan verir. Bununla bağlı müvafiq hüquqi əsaslar Mülki Məcəlləyə edilən dəyişikliklər çərçivəsində formalaşdırılıb.

Türkan Hacıyeva qeyd edib ki, dəyişikliklərin əsas məqsədlərindən biri investorların hüquqlarının daha aydın şəkildə müəyyənləşdirilməsi və qorunmasıdır. Yeni yanaşma çərçivəsində korporativ müqavilələr, investorlarla səhmdarlar arasındakı münasibətləri tənzimləyən xüsusi əqdlər və emissiya hüquqları ilə bağlı yeni hüquqi institutlar da yaradılıb.

Eyni zamanda, vençur fondlarının fəaliyyəti üçün iki fərqli rejim nəzərdə tutulub: azad hesabatlı və lisenziyalaşdırılan vençur fəaliyyəti.

Azad hesabatlı vençur fondlarının fəaliyyətə başlaması üçün lisenziya tələb olunmayacaq və onlar sadələşdirilmiş qaydada müraciət edə biləcəklər. Bununla belə, həmin fondlar tam nəzarətsiz fəaliyyət göstərməyəcək. Onlardan ildə bir dəfə kənar auditin keçirilməsi və nəticələrin müvafiq quruma təqdim olunması tələb ediləcək.

Vençur kapitalı fondu istədiyi halda Mərkəzi Banka müraciət edərək lisenziyalaşdırılmış fond kimi də fəaliyyət göstərə biləcək. Bu zaman fonda daha geniş hesabatlılıq, identifikasiya və digər prudensial tələblər tətbiq olunacaq.

LAzad hesabatlı fondların təqdim etməli olduğu sənədlərin siyahısı da sadələşdirilib. Əsasən fondun təsis sənədləri, investisiya və risk siyasəti tələb olunacaq.

Türkan Hacıyeva vurğulayıb ki, innovativ layihələr yüksək riskli investisiyalar olduğundan investorların mümkün risklər barədə əvvəlcədən və ətraflı məlumatlandırılması vacib şərtlərdən biri olacaq.