Türkiyənin “Trabzonspor” klubunda baş məşqçi axtarışları davam edir.
Metbuat.az yerli mediaya istinadən xəbər verir ki, komandanın yeni baş məşqçisi postuna namizədlər arasında klubun əfsanələrindən olan Şenol Günəş də yer alır.
Bordo-mavililər Fatih Tekke ilə yollarını ayırdıqdan sonra yeni çalışdırıcı axtarışına başlayıb. Klub rəhbərliyinin həm yerli, həm də xarici mütəxəssislərin namizədliyini nəzərdən keçirdiyi bildirilir.
Namizədlər arasında Şenol Günəşlə yanaşı, Abdullah Avcı, Arda Turan, Antonio Konte və Vitor Pereyranın da adları çəkilir. İddialara görə, rəhbərlik ilk olaraq “Şaxtyor Donetsk”in baş məşqçisi Arda Turanla görüş keçirib.
Şenol Günəş isə “Trabzonspor” üçün tanış simadır. 74 yaşlı mütəxəssis klubda bir neçə dəfə baş məşqçi kimi çalışıb. O, sonuncu dəfə 2024-cü ildə komandanın başına keçib və 2025-ci ildə vəzifəsini tərk edib.
Bununla yanaşı, “Trabzonspor”un baş məşqçi postu üçün daha bir sensasion namizədin - “Qalatasaray”ın əfsanəsi Fatih Terimin də gündəmə gəldiyi bildirilir. Lakin Terimlə hələlik rəsmi görüşün keçirilmədiyi və hər hansı razılaşmanın əldə olunmadığı qeyd olunur.